İspaniya hökuməti Trampın bəyanatlarından sonra ABŞ ilə gərginliyi azaltmağa çalışır
İspaniya hökuməti ABŞ Prezidenti Donald Trampın İspaniya ilə ticarət və digər bütün əlaqələrin kəsilməsi yönündəki sözlərindən sonra gərginliyi azaltmağa yönəlmiş bəyanatlarla çıxış edib.
AFN.az xəbər verir ki, İspaniyanın rəsmi EFE xəbər agentliyi ABŞ Prezidenti Donald Trampın İspaniya ilə ticarət münasibətlərinin kəsilməsinə dair ifadələrinin hökumət tərəfindən təmkinlə və adi bir hal kimi qiymətləndirildiyini yazıb.
Hökumət mənbələrinə istinadən verilən xəbərdə İspaniyanın ABŞ ilə mükəmməl sosial, mədəni və iqtisadi əlaqələrə malik olduğu vurğulanıb.
Hökumət rəsmilərinin Avropa İttifaqının heç bir üzv dövlətinin təkbaşına hədəf alına bilməyəcəyi bir ticarət birliyi olduğunu xüsusi olaraq diqqətə çatdırdığı bildirilib.
NATO-nun Ankara Sammitində iştirak edən İspaniyanın Baş naziri Pedro Sançesin günortadan sonra keçiriləcək mətbuat konfransında Trampın bəyanatlarına cavab verəcəyi gözlənilir.
Tramp Ankaradakı NATO sammiti zamanı verdiyi açıqlamada İspaniyanı ümidsiz hal kimi xarakterizə edərək, ABŞ Maliyyə naziri Skott Bessentə bu ölkə ilə bütün ticarət əlaqələrini kəsmək barədə göstəriş verdiyini bildirmişdi.
Tramp İspaniya ilə artıq heç bir iş görmək istəmədiklərini, İspaniyanın bərbad bir NATO müttəfiqi olduğunu, töhfə vermədiyini və ödəniş etmədiyini diqqətə çatdıraraq səfərlər də daxil olmaqla İspaniya ilə bütün ticarətin dayandırılmasını tələb etmişdi.
ABŞ Prezidenti Tramp martın 3-də verdiyi bəyanatda da İrana qarşı təşkil edilən hücumlarda ABŞ ilə əməkdaşlıq etmədiyi bəhanəsilə İspaniya ilə ticarəti dayandırmaqla hədələmişdi.
