Pedro Sançes: ABŞ ilə münasibətlərimiz sakit, təmkinli və müəyyən normallıqdadır
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın bəyanatlarının əksinə olaraq, ölkəsinin Birləşmiş Ştatlar ilə əlaqələrinin sakit, təmkinli və müəyyən normallıq çərçivəsində olduğunu bildirib.
AFN.az xəbər verir ki, Sançes NATO-nun Ankara Sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
ABŞ Prezidenti Donald Trampın İspaniya ilə ticarət əlaqələrini kəsməyə yönəlmiş fikirlərinə münasibət bildirən Sançes Vaşinqtonla münasibətlərin sakit və normal axarda davam etdiyini vurğulayıb.
İspaniya hökumətinin başçısı özünün sosial-demokrat olduğunu, lakin ticarət məsələlərinin dövlət siyasəti təşkil etdiyini qeyd edib.
O, həmçinin vahid ticarət siyasətindən bəhs edərkən Avropa İttifaqının blok şəklində çıxış etdiyini, danışıqların aparılmalı olduğu əsas qurumun Avropa Komissiyası olduğunu və digər Avropa ölkələri ilə müqayisədə İspaniyanın ABŞ ilə xarici ticarət kəsiri yaşadığını xatırladaraq, Birləşmiş Ştatların təkbaşına İspaniya ilə ticarət əlaqələrini kəsə bilməyəcəyinə eyham vurub.
Trampla ayaqüstü söhbət etdiyini bildirən Sançes söhbətin futbol, Dünya Kuboku və qolf mövzusunda keçdiyini, səmimi və nəzakət çərçivəsində baş tutduğunu ifadə edərək ABŞ ilə siyasi, sosial, mədəni və iqtisadi əlaqələrin çox müsbət olduğunu diqqətə çatdırıb.
İspaniyanın 2026-cı il üçün nəzərdə tutulan öhdəliklərini yerinə yetirərək sammitə gəldiyini deyən Sançes ölkəsinin müdafiə xərclərini 2 faizə çatdırdığını və NATO-nun şərq cinahında ən çox hərbçisi olan dövlətlərdən biri olduğunu vurğulayıb.
Baş nazir mükəmməl təşkilatçılığa görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Ankara sakinlərinə minnətdarlığını da bildirib.

