"Brent" markalı neftin bir bareli 76,60 dollardan satılır
"Brent" markalı xam neftin bir barelinin qiyməti beynəlxalq fyuçers bazarında 76,60 dollar təşkil edir.
AFN.az xəbər verir ki, dünən 76,60 dollara kimi bahalaşan "Brent" neftinin fyuçers barel qiyməti günü 74,16 dollar səviyyəsində başa vurmuşdu.
"Brent" neftinin bir barelinin qiyməti bu gün saat 10:20 radələrinə olan məlumata əsasən bağlanış qiyməti ilə müqayisədə təxminən 3,29 faiz artaraq 76,60 dollar olub.
Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli 72,65 dollara alıcı tapıb.
Neft qiymətləri ABŞ-nin İrana qarşı yeni hərbi zərbələr endirməsi, İranın neft satışına imkan yaradan lisenziyanı ləğv etməsi və Hörmüz boğazında ticarət gəmilərinə yönəlik hücumlardan sonra təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqların artması fonunda yüksəlib.
Qlobal bazarlarda dəniz yolu ilə daşınan xam neftin təxminən beşdə birinin Hörmüz boğazından keçdiyi nəzərə alınaraq, boğazda yaşana biləcək hər hansı axsamaların neft və LNG təchizatına mənfi təsir göstərəcəyi ehtimal edilir.
Bazarlarda həmçinin ABŞ Maliyyə Nazirliyinin İran mənşəli xam neft, neft və neft-kimya məhsullarının beynəlxalq bazarlarda satışına şərait yaradan müvəqqəti lisenziyanı ləğv etməsi də təklif mənzərəsini daralda biləcək bir amil kimi önə çıxıb.
Regionda sülh prosesinin qalıcı olmayacağına dair narahatlıqlarla yüksələn neft qiymətləri, inflyasiya gözləntiləri və buna bağlı olaraq mərkəzi bankların pul-kredit siyasətinə dair proqnozlarındakı dəyişikliklər diqqətlə izlənilir.
Mütəxəssislər geopolitik gərginliyin artması və Hörmüz boğazındakı təhlükəsizlik risklərinin yüksəlməsinin neft bazarında təchizat kəsintisi narahatlıqlarını gücləndirdiyini bildirərək, bölgədə münaqişələrin genişlənməsi və ya dəniz hərəkətinin axsaması halında qiymətlərdəki artım meylinin davam edə biləcəyini ifadə edirlər.
Buna baxmayaraq, tərəflər arasında diplomatik təmasların yenidən başlaması və Hörmüz boğazında neft nəqlinin fasiləsiz davam etməsi durumunda geopolitik riskin azala biləcəyi və neft qiymətlərindəki yüksəlişin məhdudlaşacağı qeyd olunur.
"Brent" neftində texniki cəhətdən 75,92 dolların dəstək, 77,08 dolların isə müqavimət zonası kimi izlənildiyi bildirilir.
