ABŞ-da aralıq seçkilər öncəsi poçtla səsverməyə yeni qayda
ABŞ Poçt Xidməti (USPS) noyabrın 3-də keçiriləcək aralıq seçkilər öncəsi ştatlardakı seçki rəsmilərinin poçt vasitəsilə səs verəcək seçicilərin ad və ünvan məlumatlarını portala yükləməsini tələb edən yeni qaydanı açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, USPS tərəfindən verilən açıqlamada poçt vasitəsilə səsvermə ilə bağlı yeni qaydanın tətbiq olunduğu bildirilib.
Ştatların seçicilərin adlarını və ev ünvanı məlumatlarını toplamasının məcburi olduğu qeyd edilən açıqlamada bu məlumatları təqdim edən seçicilərə göndərilən bülletenlərin yerləşdirildiyi zərflərin unikal barkodlara malik olması tələb olunur.
Açıqlamada bu qaydanın federal seçkilərlə bağlı federal qanunvericiliyin tətbiq edilməsi məqsədilə dərhal qüvvəyə mindiyi bildirilib.
Yeni USPS qaydasına əsasən, ştat seçki rəsmiləri seçici məlumatlarını federal bülleten poçt portalına təqdim etməlidirlər və bu məlumatları təqdim etməyən ştatlara bülletenlər göndərilməyəcək.
Açıqlamada ABŞ Prezidenti Donald Trampın poçt vasitəsilə səsvermə ilə bağlı aprel ayında imzaladığı sərəncama böyük ölçüdə uyğun olan bu yeni qaydaya əsasən, seçicilərin sosial təminat nömrələri və ya doğum tarixləri kimi digər məlumatlarının portala yüklənməyəcəyi bildirilib.
Sərəncama əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Sosial Təminat Administrasiyası növbəti federal seçki zamanı 18 yaş və yuxarı olan və həmin ştatda yaşayan ABŞ vətəndaşlarının yer aldığı “Ştat Vətəndaşlıq Siyahısı”nı hazırlamaq və hər ştata göndərmək üçün koordinasiyalı şəkildə fəaliyyət göstərməyə məsul təyin edilir.
Buna uyğun olaraq, USPS tərəfindən göndərilən bütün səsvermə bülletenlərinin rəsmi seçki poçtu kimi işarələnmiş, xüsusi təhlükəsizlikli zərflərdə göndərilməsi məcburi olacaq. Bu zərflərdə həmçinin hər bir bülletenin izlənməsinə imkan verən barkodlar yerləşdiriləcək.
ABŞ-da noyabrın 3-də keçiriləcək Konqres aralıq seçkilərində 435 yerlik Nümayəndələr Palatasının bütün üzvləri və 100 yerlik Senatın üçdə biri yenilənəcək.

