Tramp administrasiyası 200 min sığınacaq axtaran şəxsin vizasını ləğv etməyi planlaşdırır
ABŞ administrasiyası ölkədə sığınacaq üçün müraciət etmiş və ya sığınacaq statusu almağa çalışan xarici ölkə vətəndaşlarının işgüzar və turizm vizalarını ləğv etməyi planlaşdırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyanın təmin edildiyi bildirilib və ölkəyə qısamüddətli ziyarətçi vizaları ilə daxil olaraq daha sonra daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin müəyyənləşdirilərək qeyri-immiqrant vizalarının ləğv ediləcəyi qeyd olunub.
Departament rəsmi rəqəm açıqlamasa da, ABŞ mediasında yayılan xəbərlərdə bu tətbiqin 2016-2026-cı illər arasında verilmiş B1 və B2 vizalarını əhatə edəcəyi və təxminən 200 min insana təsir göstərə biləcəyi bildirilib.
Qərarın həyata keçirilməsi halında ABŞ tarixində ən böyük kütləvi viza ləğvi əməliyyatı həyata keçirilmiş olacaq.
Vizaların ləğv edilməsinin bu şəxslərin dərhal deportasiya ediləcəyi mənasına gəlmədiyi, sığınacaq prosesi davam edənlərin işgüzar və ya turizm məqsədli ziyarətçi statuslarını itirərək kateqoriyalarının yenidən müəyyənləşdiriləcəyi bildirilib.
ABŞ dövlət katibinin müavini Kristofer Landau məsələ ilə bağlı açıqlamasında Amerikanın sığınacaq sisteminin uzun müddətdir əsassız və etibarsız müraciətlərlə məşğul edildiyini iddia edib.
Administrasiya rəsmiləri atılan addımların daxili təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirərkən, insan haqları təşkilatları isə bu tətbiqin ifadə azadlığı və ədalətli məhkəmə hüquqlarını pozduğunu iddia edərək qərara etiraz ediblər.
