Avropa muzeylərində zorakı soyğunlar artır: Europol xəbərdarlıq etdi



Europol tərəfindən yayımlanan hesabatda Avropa üzrə muzey soyğunlarında zorakılıq hallarının əhəmiyyətli dərəcədə artdığına diqqət çəkilib.

AFN.az xəbər verir ki, hesabatda dəstələrin əvvəlki dövrlərdə istifadə etdikləri qansız oğurluq üsullarından imtina edərək odlu silahlar, çəkiclər və hətta partlayıcılardan istifadə etməyə başladıqları vurğulanıb.

Hesabatda cinayətkarların əsasən sosial media və mesajlaşma tətbiqləri vasitəsilə yerli səviyyədə cəlb edildiyi və əvvəllər bir-birini tanımayan şəxslərdən ibarət müvəqqəti qrupların yaradıldığı bildirilib.

Bu vəziyyətin sabit iyerarxik struktura malik ənənəvi cinayət təşkilatı modelindən fərqli mənzərə ortaya çıxardığı qeyd edilib.

Soyğunlarda əsas hədəfin yüksək maddi dəyəri, qızılın asanlıqla əridilə bilməsi və qiymətli daşların sökülə bilməsi səbəbindən qiymətli metallar və zinət əşyaları olduğu bildirilib. Qara bazarda yüksək tələbat səbəbindən qədim Çin çini məmulatlarının da tez-tez hədəf alındığı qeyd edilib.

Hesabatda yaxın dövrdə baş vermiş konkret nümunələrə də yer verilib. Parisdəki Konyak-Jey Muzeyinə 2024-cü ildə dəyənək və baltalarla silahlanmış maskalı dörd şəxsin daxil olaraq yeddi qiymətli əsəri oğurladığı xatırladılıb.

2025-ci ilin yanvarında bir dəstənin Niderlanddakı Drents Muzeyinin girişini partladaraq Dakya dövrünə aid tarixi əsərləri oğurladığı, 2025-ci ilin oktyabrında isə Luvr Muzeyinin Apollon qalereyasında vitrinləri sındıraraq 88 milyon avro dəyərində zinət əşyaları ilə qaçan silahlı şəxslərin soyğun törətdiyi bildirilib.

Europol cinayət təşkilatlarının birdəfəlik müqavilə əsasında şəxslər işə götürdüyünü və ya adi dəstələrin aşağı risk və yüksək gəlir gördükləri üçün muzeyləri hədəfə aldıqlarını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu