İranın Kərəc yaxınlığında yeni yeraltı obyekt tikdiyi iddia edildi
İranın Əlborz vilayətinə bağlı Kərəc şəhəri yaxınlığında İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli yeni yeraltı obyektin tikintisinə başlanıldığı iddia edilib.
AFN.az xəbər verir ki, peyk görüntülərinin analizi ilə məşğul olan Soar Atlas şirkəti ABŞ mərkəzli peyk görüntüləmə şirkəti Vantorun əldə etdiyi görüntülərə əsaslanaraq İranın yeni yeraltı obyektin tikintisinə başladığını irəli sürüb.
Soar Atlas X platformasındakı hesabında etdiyi paylaşımda bu iddiaya yer verib:
“Peyk görüntüləri İranın Kərəc şəhəri yaxınlığında tikilməkdə olan və İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli yeni yeraltı obyekti göstərir. İşlər mayın 21-i ətrafında başlayıb”.
İran ABŞ və İsraildən gələ biləcək hava və raket hücumlarına qarşı strateji obyektlərini yeraltı qurğularda qorumağı hədəfləyir.


