Mark Ruffalodan antisemitizm ittihamına sərt cavab



Tanımmış aktyor Mark Ruffalo Paramount Skydance şirkətinin Warner Bros Discovery ilə həyata keçirilən 111 milyard dollarlıq birləşmə prosesinə yönəlik tənqidlərini antisemitik ritorika kimi qiymətləndirməsinə reaksiya verib.

AFN.az xəbər verir ki, fələstinlilərin hüquqlarını müdafiə etməsi ilə tanınan Ruffalo sosial media hesabından açıqlama yayıb.

Aktyor Paramount Skydance şirkətinin baş direktoru Devid Ellison ilə texnologiya şirkəti Oracle-ın rəhbəri olan atası Larri Ellison arasındakı əlaqələrə diqqət çəkib.

O, Oracle şirkətinin onilliklərdir İsrail Müdafiə Qüvvələrinə, Müdafiə Nazirliyinə və polis təşkilatına proqram təminatı təqdim etdiyini xatırladıb.

Ruffalo Oracle rəhbərinin İsrailə təqdim edilən texnologiyaları təriflədiyi bir videonu paylaşaraq, Larri Ellisonun bu şirkətdən oğlunun Warner Bros-u satın almasını maliyyələşdirmək üçün istifadə etdiyini iddia edib.

Bu cür texnologiyaların dünyanın ən böyük media holdinqlərindən birinə inteqrasiya edilə biləcəyi barədə xəbərdarlıq edən Ruffalo, birləşmənin iş yerlərinin itirilməsi və rəqabətin azalması səbəbilə əyləncə sənayesi üçün fəlakət olacağını bildirib və izləyicilərini bu razılaşmaya qarşı çıxmağa çağırıb.

Paramount Skydance tərəfindən verilən açıqlamada isə kommersiya mübahisəsi prosesində “soyqırım” və “apartheid” kimi ifadələrin işlədilməsinin və antisemitik ritorikaya müraciət edilməsinin qəbuledilməz olduğu müdafiə edilib.

Bu ittihamlara cavab verən Ruffalo İsrail baş nazirinin fəaliyyətini, hərbi texnologiya müqavilələrini və ya bunları təqdim edən rəhbərləri tənqid etməyin yəhudiləri tənqid etməklə eyni olmadığını vurğulayıb.

Aktyor fikirlərinin öz siyasi inanclarından qaynaqlandığını bildirərək, bunun yəhudilərə qarşı düşmənçilik kimi şərh edilə bilməyəcəyini ifadə edib.

Sözügedən birləşmənin CNN, HBO və Warner Bros kimi nəhəng brendlərin nəzarətini bir ailəyə verəcəyini bildirən Ruffalo redaksiya azadlığına yönəlmiş ciddi təhdidlərin və minlərlə ailənin dolanışıq mənbəyini itirməsi riskinin sorğulanmasının zəruri olduğunu qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu