Hollandiya “Eurovision”da iştirak etməyəcək
Hollandiya ictimai yayımçısı AVROTROS bitərəfliyini itirdiyi və bitərəf hesab edilə bilməyəcəyi səbəbilə 2027-ci ildə Bolqarıstanda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, AVROTROS-un açıqlamasında böyükmiqyaslı hərbi münaqişənin tərəfi olan bir ölkənin (İsrail) müsabiqədə iştirakını davam etdirməsi səbəbilə təşkilatın bitərəf xarakterini itirdiyi və bu səbəbdən qurumun müsabiqədə iştirak etməyəcəyi bildirilib.
Açıqlamada müsabiqəni təşkil edən Avropa Yayım Birliyindən (EBU) ötən il ərzində hərbi münaqişələrdə tərəf olan ölkələrin müsabiqədə iştirakı ilə bağlı şəffaf qaydalar yaradılmasının tələb edildiyi, lakin EBU-nun qısa müddət əvvəl açıqladığı dəyişikliklərin müsabiqənin müstəqil və bitərəf xarakterinin bərpa edildiyinə dair kifayət qədər əminlik yaratmadığı qeyd olunub.
Sözügedən şərtlər altında müsabiqədə iştirak etməyin AVROTROS-un etibarlılıq, müstəqillik və humanizm dəyərləri ilə uyğun gəlmədiyi bildirilən açıqlamada Qəzzada yaşanan ağır humanitar iztirablar və mətbuat azadlığına qoyulan məhdudiyyətlərin son illərdə “Eurovision” Mahnı Müsabiqəsindəki parçalanmaları dərinləşdirdiyi vurğulanıb.
Bu vəziyyətin konkret əks-sədaları arasında beş ölkənin 2026-cı il müsabiqəsində iştirak etməmək qərarı, bəzi keçmiş qaliblərin müsabiqədə qazandıqları kubokları geri qaytarması və 1000-dən çox musiqiçi ilə mədəniyyət xadiminin EBU-ya çağırış etdiyi açıq məktubun da olduğu bildirilib. Açıqlamada AVROTROS-un müsabiqədə iştirak etməmək qərarını Hollandiya ictimai yayım qurumları birliyinə (NPO) bildirdiyi və 2027-ci ildə Hollandiyanın müsabiqədə başqa yayımçı vasitəsilə iştirak edib-etməyəcəyinə NPO-nun qərar verəcəyi qeyd olunub.
Açıqlamada AVROTROS-un baş direktoru Taco Zimmermanın fikirlərinə də yer verilib:
“Eurovision Mahnı Müsabiqəsi xalqları və ölkələri bir araya gətirmək məqsədilə yaradılıb. Beynəlxalq münaqişələrin müsabiqəyə getdikcə daha çox təsir etdiyi və onun bitərəf xarakterinə zərər vurduğu danılmaz həqiqətdir. Buna görə də müsabiqə parçalanma platformasına çevrilib. İctimai yayımçı olaraq dəyərlərimizə sadiq qalırıq, bu dəyərlər bizə çox yaxın olan bir tədbirdən uzaq durmalı olduğumuz halda belə bizə yol göstərir. Gələn il yenidən müsabiqənin bir hissəsi olmağı çox istərdik, buna görə də bu qərar bizim üçün ağrılıdır”.
Xatırladaq ki, Hollandiya, İslandiya, İspaniya, İrlandiya və Sloveniya İsrailin iştirakına etiraz edərək ötən ilki (2026) “Eurovision”da iştirak etməyib.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən müsabiqəni Bolqarıstanın təmsilçisi Dara “Bangaranga” adlı mahnısı ilə qazanıb.
2027-ci il “Eurovision” Mahnı Müsabiqəsi mayın 15-də Bolqarıstanın Qara dəniz sahilində yerləşən Burqas şəhərində keçiriləcək.




