“Tanrının əli” topu 3,3 milyon dollara satıldı



Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında məşhur “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,3 milyon dollara alıcı tapıb.

AFN.az xəbər verir ki, Argentinanın İngiltərəni 2:1 hesabı ilə məğlub etdiyi 1/4 final matçında Maradona topu qapıçı Piter Şiltonun üzərindən əli ilə tora göndərib.

Matçdan sonra jurnalistlərə açıqlama verən argentinalı əfsanə qolun “bir az Maradonanın başı, bir az da Tanrının əli ilə” vurulduğunu deyib.

Maradona eyni qarşılaşmada İngiltərənin beş futbolçusunu və qapıçı Şiltonu driblinqlə keçərək “əsrin qolu” adlandırılan ikinci qolu da vurub.

ABŞ-da Heritage Auctions tərəfindən təşkil edilən hərracda 3,3 milyon dollara satılan topun hərracdan əvvəl təxminən 10 milyon dollar dəyərində olacağı gözlənilirdi.

Hərrac şirkətində ekspert kimi çalışan Mayk Provenzale hərracdan əvvəl Reuters agentliyinə verdiyi açıqlamada topun unikal bir əşya olduğunu və futbol tarixinin ən mühüm əşyalarından biri hesab edilə biləcəyini bildirib.

Qarşılaşmanın tunisli hakimi Əli Bin Nasser Adidas Azteca markalı topu matçın sonunda özü ilə götürüb və 30 ildən çox müddət ərzində qoruyub saxlayıb. Bin Nasser 2023-cü ildə imzaladığı sənədlə topun matçda istifadə olunan yeganə top olduğunu təsdiqləyib. Bu fakt müstəqil yoxlama araşdırmaları ilə də təsdiqlənib.

Bin Nasser topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satıb. Yeni sahibi topu 2023-cü ildə yenidən satışa çıxarıb, lakin verilən təkliflər minimum satış qiymətini qarşılamadığı üçün satış baş tutmayıb.

Maradonanın həmin matçda geyindiyi forma isə 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt-sterlinqə satılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu