Zelenski: Rusiya daha 300 min əsgər səfərbər edə bilər



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin şərqindəki kritik bölgələri ələ keçirmək məqsədini tamamlamaq üçün bu ilin sonrakı dövründə daha 300 min əsgəri ordu sıralarına qatmağının mümkün olduğunu bildirib.

AFN.az xəbər verir ki, müharibədəki son vəziyyəti dəyərləndirən Zelenski ciddi şəxsi heyət itkilərinə baxmayaraq, Rusiya ordusunun ilin sonunda ilin əvvəlindəki ilə eyni miqdarda Ukrayna ərazisini işğal altında saxlamasını gözlədiyini ifadə edib.

Zelenski Rusiyanın ilin əvvəlindən etibarən təxminən 155 mini ölü olmaqla, 267 min hərbçi itirdiyini iddia edib. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməsə də, Qərb rəsmilərinin təxminləri ilə uyğunluq təşkil edir.

Gələn ay keçiriləcək parlament seçkilərindən sonra Rusiyada yeni səfərbərlik dalğasının baş verə biləcəyi ilə bağlı dəyərləndirmələr aparan Zelenski “Seçkilərdən sonra səfərbərlik keçiriləcəyinə əminik. Bunun böyük şəhərlərdə həyata keçirilməyəcəyinə inanırıq” deyib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin yeni orduya qatılan 300 min əsgəri ölkənin şərqindəki vəziyyətə uyğun olaraq yerləşdirəcəyini və generallarına ilin sonuna qədər Donetsk bölgəsinin işğalını tamamlamaq barədə göstəriş verdiyini iddia edib. Onun “Yeni səfərbər edilən bu 300 min rusun hamısını orada itirəcəklər, hamısını məhv edəcəyik” ifadələrini işlətdiyi bildirilib.

Ukrayna qüvvələri Slavyansk və Kramatorsk kimi strateji sənaye şəhərlərinin də yerləşdiyi Donetsk bölgəsinin təxminən 20 faizini müdafiə etməyə davam edir. Zelenski Rusiyanın Donetsk bölgəsini tamamilə ələ keçirməsinin mümkün olmadığını bildirərək, Rusiya ordusunun Xarkov və Sumı kimi şimal bölgələrinə də sızmağa cəhd göstərə biləcəyini qeyd edib.

Hava hücumundan müdafiə sistemlərinə də toxunan Zelenski 2023-cü ildə tədarük edilən 675 Patriot raketi ilə müqayisədə bu il bu sayın 264-ə düşməsini tənqid edib.

Zelenski ABŞ-ın bu ehtiyatların 10 faizini təmin etməsi halında Ukraynanın bunun ödənişini etməyə hazır olduğunu bildirib və Avropadan Aster hava hücumundan müdafiə raketlərinin tədarükündə də oxşar problemlərlə qarşılaşdıqlarını deyib.

İngiltərə Baş naziri Endi Börnhamın Ukraynaya səfəri ilə birlikdə uzaqmənzilli raket proqramının sürətlənəcəyini bildirən Zelenski Londonun müdafiə şirkəti MBDA-ya məxfi məlumatları paylaşmağa icazə verdiyini və bunun sayəsində Ukraynanın öz SCALP raketlərini istehsal edə biləcəyini qeyd edib.

Diplomatik danışıqlar imkanlarının gələn ilin yayının sonuna qədər davam edəcəyini bildirən Zelenski ABŞ elçiləri Stiv Uitkoff və Jared Kuşner ilə keçirilən görüşlərdə müharibənin başa çatdırılmasına yönəlmiş real variantların vahid sənəddə ümumiləşdirilməsi barədə razılığa gəlindiyini sözlərinə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu