Zelenski: Ukraynaya qarşı döyüşən Şimali Koreyalılar cəbhədən qaçır
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşən Şimali Koreya əsgərlərinin cəbhədən qaçmağa başladığını bildirib.
Ukrayna ordusunun 6 ay əvvəl Rusiyanın Kursk bölgəsinə hücum etdiyini və bəzi yaşayış məntəqələrini ələ keçirdiyini deyən Zelenski, bu bölgəyə hücumun Rusiya ilə sonradan mümkün danışıqlar üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Zelenski Rusiya ordusunun gələcəkdə bölgədə Ukraynanın nəzarəti altında olan yaşayış məntəqələrini geri almasının mümkünsüzlüyünü müdafiə edib.
Ölkəsinə qarşı döyüşən Şimali Koreya əsgərlərinə də toxunan Zelenski, “Şimali Koreyalılar qaçırlar, bunu görürük” deyərək onların cəbhəni tərk etməyə çalışdıqlarını qeyd edib.
Putinin müharibəni davam etdirmək istədiyini və Belarus üzərindən Polşaya və ya Baltikyanı ölkələrə qarşı təxribatlara cəhd edə biləcəyini ifadə edən Zelenski, "Görəcəksiniz, Rusiya yaz, yay və ya payızda Belarus ərazisinə qüvvələrini yerləşdirəcək. Hücum olub-olmayacağını bilmirəm, amma hər halda Belarusu müharibəyə sürükləyəcək" deyə qeyd edib.