Kolumbiyada 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 281-ə çatıb



Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 281-ə yüksəlib.

AFN.az xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini, lakin ölənlərin sayının artdığını bildirib.

Fəlakətdə həyatını itirənlərin sayının 281-ə çatdığını vurğulayan De la Espriella, 3 min 971 nəfərin yaralandığını, 379 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

De la Espriella ən böyük prioritetlərinin insanların həyatını xilas etmək olduğunu qeyd edərək, “Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin olanlarla birlikdədir” ifadələrini işlədib.

Avqustun 7-də vəzifəsinin icrasına başlayan De la Espriella zəlzələ nəticəsində 127 binanın dağıldığını, 65 min 841 evə ziyan dəydiyini, 10 min 677 evin isə tamamilə dağıldığını bildirib.

Ölkədə avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlər üçün 3 günlük milli matəm elan edildiyi bildirilmişdi.

Prezident De la Espriella zəlzələdə ən çox insan tələfatının yaşandığı Pereira şəhərində etdiyi açıqlamada ölkənin müxtəlif bölgələrinə təsir edən zəlzələ nəticəsində evlərini itirən ailələrə kirayə dəstəyi göstəriləcəyini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu