ABŞ-ın hərbi gəmisində psixi sağlamlıq böhranı
İranla yaşanan qarşıdurmalar səbəbindən Yaxın Şərqdə xidmət edən ABŞ-ın USS Abraham Lincoln təyyarədaşıyan gəmisində xidmət müddətinin uzadılması və ağır yaşayış şəraiti səbəbindən ciddi psixi sağlamlıq böhranının yaşandığı iddia edilib.
AFN.az xəbər verir ki, ardıcıl 250 gündür sahilə ayaq basmadan dənizdə qalan təyyarədaşıyan gəmidə xidmət edən təxminən 5 min əməkdaşın tükənmə həddinə çatdığı və bəzi əsgərlərin dənizə atılaraq intihara cəhd etdiyi bildirilib.
2025-ci ilin noyabrında San Dieqodan ayrılan və normal şəraitdə may ayında geri qayıtması planlaşdırılan USS Abraham Lincoln-un xidmət müddəti bölgədəki hərbi əməliyyatlar səbəbindən bir neçə dəfə uzadılıb.
Gəminin müasir tarixdə bir təyyarədaşıyan gəmi üçün rekord sayılan 250 gündür fasiləsiz dənizdə hərəkət etdiyi qeyd edilib.
Navy Times və Stars and Stripes xəbər saytlarına danışan hərbçi ailələri xidmət müddətinin uzadılmasından sonra əsgərlərin dənizə atılmağa çalışdığını bildiriblər.
San Dieqoda dəniz qüvvələri rəsmiləri ilə keçirilən görüşdə çıxış edən bir hərbçi yaxını həyat yoldaşının ona “Ümid edirəm, sabah oyanmaram” şəklində mesaj göndərdiyini bildirərək hərbi komandanlığa etiraz edib.
ABŞ Konqresinin üzvü Mike Levin gəmidəki yaşayış şəraitinə diqqət çəkərək duşların kifləndiyini, tualetlərin işləmədiyini, həftələrlə camaşırxanaların fəaliyyət göstərmədiyini və isti su kəsintilərinin yaşandığını bildirib.
Levin həmçinin sabun, diş məcunu və dezodorant kimi əsas şəxsi qulluq vasitələrinin tükəndiyini, ərzaq təminatının yetərsiz olması səbəbindən yeməklərin məhdud porsiyalarla paylandığını qeyd edib.
İddialardan sonra açıqlama verən ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri uzunmüddətli xidmətlərin hərbçilər və ailələri üzərində ciddi təzyiq yaratdığından xəbərdar olduqlarını etiraf ediblər.
Rəsmi şəxslər əllərində olan məlumatlara əsasən gəmidə intihar cəhdlərində və ya intihar düşüncələrində artım müşahidə edilmədiyini iddia ediblər.
Gəmidə mütəxəssis məsləhətçilərin və din xadimlərinin olduğunu bildirən Hərbi Dəniz Qüvvələri gəmiyə təmiz suyun, işlək kondisionerin və sağlam qidaya çıxışın fasiləsiz təmin edildiyini irəli sürüb.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Richard Blumenthal isə iddialarla bağlı Müdafiə Nazirliyinə və Hərbi Dəniz Qüvvələri katibinə məktub göndərərək gəmidəki şərait, sağlamlıq vəziyyətləri və təhlükəsizlik hadisələri ilə bağlı rəsmi araşdırma aparılmasını tələb edib.
