Rumıniyada Çernavoda AES tam dayandırıldı
Rumıniyanın “Nuclearelectrica” milli şirkəti Çernavoda Atom Elektrik Stansiyasının (AES) ikinci reaktorunun nəzarətli şəkildə dayandırılması prosesinə başlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, şirkətin məlumatına görə, qərara Dunay çayında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi səbəb olub.
“Dunayda suyun səviyyəsi ilə bağlı proqnozlardan asılı olaraq, AES mütəxəssisləri bütün nüvə təhlükəsizliyi göstəricilərinə birinci dərəcəli üstünlük verməklə enerji bloklarının fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul edəcəklər”, - deyə “Nuclearelectrica” bildirib.
Çernavoda AES-in birinci reaktoru da eyni səbəbdən iyulun 28-də dayandırılıb. Beləliklə, ikinci reaktorun da dayandırılmasından sonra atom elektrik stansiyası tam fəaliyyətini dayandıracaq.
AES-in iki reaktoru Rumıniyada istehsal olunan elektrik enerjisinin təxminən 20 faizini təmin edirdi. İkinci reaktorun dayandırılması prosesinin təxminən üç saat çəkəcəyi gözlənilir. Bundan sonra, yerli vaxtla saat 11:00-dan etibarən stansiya milli enerji sisteminə elektrik enerjisi verməyəcək.
Çernavoda AES-in direktoru Romeo Urjan Rumıniya Radiosuna müsahibəsində bildirib ki, reaktorun dayandırılması AES avadanlığına və milli enerji sisteminə əlavə gərginlik yaratmamaq üçün mərhələli şəkildə həyata keçiriləcək.
Onun sözlərinə görə, ikinci reaktorun istehsal etdiyi 700 meqavatlıq güc enerji sistemindən çıxacaq. Bu itkini kompensasiya etmək üçün milli enerji sistemindəki ehtiyatlardan, digər elektrik enerjisi istehsalçılarının güclərindən və mümkün olduğu halda qonşu ölkələrdən idxaldan istifadə ediləcək.
Rumıniya Energetika Nazirliyi yaranan enerji çatışmazlığını kompensasiya etmək üçün Rovinari şəhərindəki kömürlə işləyən İES-in qruplarından birinin fəaliyyətini bərpa etmək, həmçinin su elektrik stansiyalarının əlavə güclərindən istifadə etmək qərarına gəlib.
Nazirlik bildirib ki, sənaye müəssisələri üçün elektrik enerjisi istehlakına məhdudiyyətlər yalnız vəziyyət bunu tələb etdiyi halda tətbiq ediləcək. Məişət istehlakçılarına isə belə məhdudiyyətlər şamil olunmayacaq.
Quraqlıqla əlaqədar Rumıniyada həyəcan vəziyyəti elan edilib. Hökumət şirkətlər, müəssisələr və əhali tərəfindən enerji istehlakının azaldılması üçün bir sıra tədbirlər görüb.
