Avstraliyada kök hüceyrələrdən insandakı ürək qapaqlarına bənzər toxumalar istehsal edildi
Avstraliyada tədqiqatçılar kök hüceyrə texnologiyasından istifadə edərək insandakı ürək qapaqlarına bənzər toxumalar hazırlayıblar.
AFN.az xəbər verir ki, Avstraliyanın Melburn şəhərindəki Murdoch Uşaq Araşdırma İnstitutundan (MCRI) verilən açıqlamaya görə, tədqiqatçılar dünya üzrə çox sayda insana təsir edən ürək qapağı xəstəliyi ilə bağlı araşdırma aparıblar.
Laboratoriya şəraitində kök hüceyrə texnologiyasından istifadə edən tədqiqatçılar insan orqanizmindəki molekulyar xüsusiyyətləri təqlid edə bilən ürək qapağı toxumaları əldə ediblər.
Tədqiqatın müəlliflərindən doktor Holly Voges bu nəticənin uşaqlarda və böyüklərdə zədələnmiş ürək qapağı toxumalarının müalicəsində potensial istifadəyə işarə etdiyini bildirərək, yeni müalicələrin artıq sürətlə sınaqdan keçirilə və inkişaf etdirilə biləcəyini vurğulayıb.
Araşdırmanın nəticələri “Cell Stem Cell” jurnalında dərc olunub.
