Dərinin qocalmasını gecikdirə bilən yeni üsul kəşf edilib
Biologiya sahəsində dünyanın ən iddialı araşdırma proqramlarından biri olan İnsan Hüceyrə Atlası layihəsi çərçivəsində insan orqanizminin kök hüceyrələrdən dəri hüceyrələrini necə istehsal etdiyi kəşf olunub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, alimlər laboratoriya şəraitində kiçik miqdarda insan dərisi yetişdirməyi bacarıblar. Tədqiqatın nəticələrinin dərinin qocalmasını gecikdirməyə kömək edə biləcəyi düşünülür. Yeniliyin həm də dəri transplantasiyası və çapıqların qarşısının alınması üçün hüceyrə istehsalında istifadə oluna biləcəyi bildirilir.
İnsan Hüceyrə Atlası layihəsi insan bədəninin hər bir hissəsinin hüceyrə-hüceyrə necə əmələ gəldiyini anlamaq məqsədi daşıyır. Beynəlxalq layihənin mərkəzi Kembric Universitetinin Wellcome Sanger İnstitutudur.
Layihənin rəhbərlərindən olan professor Müzlifə Hənifə bildirib ki, onun işinə xəstəliklərin daha effektiv müalicəsi daxildir: "Bu, həm də insanları daha uzun müddət daha sağlam və daha gənc saxlamaq üçün yeni yollar tapmağa kömək edə bilər. Dərini manipulyasiya edə bilsək və qocalmanın qarşısını ala bilsək, qırışlarımız daha az olar. Hüceyrələrin ilkin inkişafından yetkinlik dövründə qocalmasına qədər olan dəyişiklikləri anlaya bilsək, orqanları, xüsusilə də ürəyi və dərini cavanlaşdırmağın yollarını öyrənmiş olarıq".
Tədqiqatçıların tezliklə bu mərhələyə çatması çətin görünür, lakin onlar dəri hüceyrələrinin ana bətnində döldə necə inkişaf etdiyini başa düşməkdə irəliləyiş əldə ediblər.
Bir yumurta ilk dəfə mayalandıqda, bütün hüceyrələr eyni olur. Ancaq üç həftədən sonra "kök hüceyrə" adlanan xüsusi hüceyrələrdəki müəyyən genlər aktivləşir və göstərişlər verir. Beləliklə, bədənin əzalarını formalaşdırmaq üçün yığılma və ixtisaslaşma prosesi başlayır.
Tədqiqatçılar orqanizmin ən böyük orqanı olan dərinin hansı genlərinin hansı saatlarda və hansı yerlərdə aktivləşdiyini müəyyən ediblər. Bunları mikroskop altında müəyyən kimyəvi maddələrdən istifadə edərək rənglədikdə ayırd etmək olar.
Narıncıya çevrilən genlər dərinin səthini əmələ gətirir. Sarı rənglər dəri rəngini müəyyən edir. Bunun xaricində saç böyüməsini yaradan, tərləməmizi təmin edən bir çox gen və bizi xarici aləmdən qoruyan digər strukturlar da öyrənilməkdədir.
Digər mühüm yenilik isə alimlərin immun hüceyrələrin dəridə qan damarlarının əmələ gəlməsində mühüm rol oynadığını kəşf etməsi olub. Onlar genləri doğru zamanda və doğru yerdə aktivləşdirən və deaktiv edən kimyəvi maddələrdən istifadə edərək kök hüceyrələrdən süni dəri istehsal etdilər.
İndiyə qədər kiçik dəri parçaları hazırlanıb və onlardan hətta kiçik tüklər çıxıb.