İsraillə əməkdaşlıq edən müsəlman ölkələrinin üçlü ittifaqa qoşulması problematikdir - politoloq
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişindən sonra ittifaqın mümkün hədəfləri və İsrail məsələsi ilə bağlı açıqlamalar diqqət çəkib.
AFN.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablandırarkən İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığını bildirib. O, ittifaqın İsraili də mümkün hədəf kimi müəyyən edib-etmədiyi ilə bağlı suala cavabında bildirib ki, onlara qarşı təhdid yaratmayan ölkələr hədəf deyil. O, sazişdə hər hansı konkret ölkənin ümumi təhdid kimi müəyyənləşdirilmədiyini vurğulayıb.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə İsrail məsələsində daha sərt mövqe ortaya qoyub. O, müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb və Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin İslam dünyasında daha geniş əməkdaşlıq mexanizminin əsasını təşkil edə biləcəyini bildirib. Nazir İsrailin müsəlman ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etdiyini və dövlətləri bir-birinə qarşı qoymağa çalışdığını deyib. Onun sözlərinə görə, İslam dünyası ümumi təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etməlidir. Pakistanlı nazir həmçinin İsraili müsəlman dünyası üçün ümumi təhdid kimi xarakterizə edib.
Asif hesab edir ki, İslam ölkələri yalnız ümumi hərbi və coğrafi təhdidlər qarşısında mövqelərini koordinasiya etməməli, eyni zamanda ikitərəfli fikir ayrılıqlarının aradan qaldırılmasına da çalışmalıdır.
Politoloq Elxan Şahinoğlu bu açıqlamaları şərh edərək bildirib ki, Pakistan müdafiə nazirinin mövqeyi İsrail məsələsində müsəlman ölkələri arasında fikir ayrılıqlarının olduğunu göstərir: "Məsələn, Birləşmiş Ərəb Əmirlikləri İranla qarşıdurma fonunda İsraillə hərbi əməkdaşlığını genişləndirib. Azərbaycan da hərbi və enerji sahələrində İsraillə əməkdaşlığını davam etdirir".
Şahinoğlu Misirin mümkün üçlü ittifaqa qoşulması ilə bağlı yayılan xəbərlərə də toxunub. O qeyd edib ki, Qahirə bu məsələdə qərar verməyə tələsmir: "Bunun səbəblərindən biri Misirin bir sıra hallarda İsrail və Fələstin arasında vasitəçilik rolunu yerinə yetirməsidir. ABŞ və Avropa İttifaqı Misirin bu rolunu yüksək qiymətləndirir və bunun əsasında Qahirəyə maliyyə ayırır, birgə layihələr həyata keçirir. İsraillə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq edən müsəlman ölkələrinin Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqına qoşulması problematikdir".
