BƏT: Qlobal gənclər arasında işsizlik son bir ildə süni intellekt səbəbindən artıb



Beynəlxalq Əmək Təşkilatı (BƏT) qlobal gənclər arasında işsizliyin ötən il artdığını və ən böyük yüksəlişin yüksək gəlirli iqtisadiyyatlarda qeydə alındığını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən təşkilat bu inkişafda süni intellektin yayılmasının mühüm rol oynadığına diqqət çəkib.

AFN.az xəbər verir ki, BƏT-in illik gənclərin məşğulluğu hesabatına görə, 15-24 yaş arası gənclər arasında qlobal işsizlik səviyyəsi 2024-cü ildəki 12,3 faizdən 2025-ci ildə 12,4 faizə yüksəlib. Ümumilikdə 67 milyon gənc işsiz qalıb.

Eyni dövrdə nə təhsil, nə də məşğulluq prosesində iştirak edən (NEET) gənclərin nisbəti cüzi artımla 20 faizə yüksələrək 257 milyonu keçib.

BƏT gənclər arasında işsizlik səviyyəsinin 2026 və 2027-ci illərdə 12,3 faiz səviyyəsində sabit qalacağını proqnozlaşdırıb.

Görünən bu sabitliyə baxmayaraq, təşkilat rəsmiləri narahatlıqlarını ifadə ediblər. BƏT-in Məşğulluq Siyasəti Şöbəsinin rəsmisi Sara Elder işsizlik səviyyəsi ilə NEET nisbətinin eyni vaxtda yüksəlməsinin həyəcan siqnallarının çalması anlamına gəldiyini vurğulayıb.

2023-2025-ci illər ərzində dünyadakı 11 regiondan 8-də gənclər arasında işsizliyin artdığı müşahidə olunub. Ən yüksək artımlar Şimali Amerika, Şimali Afrika, həmçinin Şimali, Cənubi və Qərbi Avropada qeydə alınıb.

Hesabat iqtisadi artımın yavaşlaması, məşğulluq imkanlarının yetərsizliyi, geosiyasi gərginliklər və texnoloji dəyişikliklərin sürəti səbəbilə yeni gənclər məşğulluğu böhranının astanasına gəlindiyi barədə xəbərdarlıq edib.

Texnoloji inkişafların, xüsusilə də süni intellektin gənclərin iş tapmaq imkanlarını birbaşa dəyişdirdiyi bildirilib.

Orta səviyyədə bacarıq tələb edən işlərin azalması gənclərin karyera pillələrinə qədəm qoymasını çətinləşdirib. Ofis işçiləri, inzibati xidmətlər, satış, sənaye və texniki peşələr kimi əmək bazarına giriş xarakterli ənənəvi iş sahələrində geriləmə yaşanıb.

BƏT-in Məşğulluq, Bacarıqlar və Davamlı Müəssisələr Departamentinin direktoru Sukti Daşqupta 15-29 yaş arası gənclərin yerinə yetirdiyi mövcud işlərin 6,1 faizinin süni intellektdən yüksək səviyyədə təsirlənəcək peşələrə aid olduğunu açıqlayıb.

Daşqupta bu vəzifələrin 10 faizinin itirilməsi halında, əsasən yüksək gəlirli ölkələrdə olmaqla, 5,6 milyon gəncin işsizlik, peşə dəyişikliyi və ya əmək bazarından tamamilə çəkilmək riski ilə üzləşəcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu