Spotify musiqiçi profillərinə “Süni intellekt” nişanı gətirir
Spotify dinləyicilərə musiqilərin arxasındakı şəxslərin real insanlar olub-olmaması ilə bağlı şəffaflıq təmin etmək məqsədilə sentyabrın ortalarından etibarən bəzi profillərə “Süni intellekt personajı” nişanı əlavə etməyə başlayacağını açıqlayıb.
AFN.az xəbər verir ki, şirkət dinləyicilərin insan kimi görünən, lakin süni intellekt tərəfindən yaradılan virtual personajlara məxsus profillərdən narahatlıq duyduğunu bildirib.
Nişanlar sənətçi profillərində banner sahələrində, “Haqqında” bölmələrində, axtarış nəticələrində və pleylistlərdə mahnı sətirlərində göstəriləcək.
Tətbiq çərçivəsində musiqiçilər profillərinin süni intellekt personajını təmsil etdiyini “Spotify for Artists” paneli vasitəsilə bəyan edə biləcəklər. Spotify həmçinin vizual kimliyində realistik süni intellekt görüntülərindən istifadə etdiyi müəyyən edilən profilləri araşdırmaya götürəcək.
Spotify süni intellekt personajı kimi işarələnən profillərin istifadəçilər tərəfindən izlənilmədiyi müddətdə redaksiya və alqoritmik tövsiyə siyahılarına daxil edilməyəcəyini bildirib.
Araşdırma qrupu tərəfindən müəyyən edilən profillərə bildiriş göndəriləcək. Bu şəxslərə vəziyyəti özlərinin bəyan etməsi və ya qərara etiraz etməsi üçün imkan veriləcək.
Dinləyicilər sözügedən nişanın sənətçi tərəfindən könüllü şəkildə əlavə edildiyini, yoxsa Spotify-ın araşdırması nəticəsində müəyyənləşdirildiyini görə biləcəklər.
Şirkət nişanın musiqinin hazırlanma üsuluna görə deyil, sənətçinin ictimaiyyətə təqdim olunan vizual kimliyinə əsasən veriləcəyini açıqlayıb.

