Qətər: Oman ilə İran arasında Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub
Qətər Oman ilə İran arasında davam edən Hörmüz boğazı ilə bağlı danışıqların irəliləyiş mərhələsinə çatdığını açıqlayıb.
AFN.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari paytaxt Dohada keçirdiyi mətbuat konfransında ABŞ-İran gərginliyi, İran və Oman arasındakı Hörmüz boğazı ilə bağlı danışıqlar, bölgədəki son hadisələr və Qəzzada atəşkəs vəziyyəti ilə bağlı açıqlamalar verib.
Ənsari Qətərin vasitəçi kimi prioritetinin Hörmüz boğazının mümkün qədər qısa müddətdə yenidən açılması olduğunu bildirərək, Oman və İrandan danışıqlarla bağlı müsbət geri dönüşlər aldıqlarını qeyd edib.
Qətərin Hörmüz boğazının təhlükəsizliyini və dəniz nəqliyyatının sərbəstliyini təmin edən, boğazın siyasi təzyiq vasitəsi kimi istifadəsinin qarşısını alan istənilən formulu dəstəklədiyini bildirən Ənsari ABŞ ilə İran arasında danışıqların isə davam etdiyini söyləyib.
Ənsari “Bölgədə gərginliyin dayandırılması üçün tərəflərlə apardığımız diplomatik səylər davam edir. Prioritetimiz gərginliyi mümkün qədər tez dayandırmaq, diplomatiya masasına qayıtmaq və Hörmüz boğazının əvvəllər olduğu kimi problemsiz şəkildə sərbəst keçidlər üçün yenidən açılmasıdır” deyib.
Ənsari Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini məmnuniyyətlə qarşıladıqlarını bildirərək, “Bölgənin təhlükəsizliyi ortaq məsuliyyətdir və ortaq regional koordinasiya tələb edir” deyə qeyd edib.
Sözçü Ənsari Qətərin bölgədə təhlükəsizlik və sabitliyi gücləndirəcək istənilən regional əməkdaşlığı məmnuniyyətlə qarşıladığını bildirib.
Qəzzadakı atəşkəs prosesi ilə bağlı isə Ənsari vasitəçi ölkələr Qətər, Misir və Türkiyənin atəşkəs sazişinin ikinci mərhələsinin mümkün qədər tez həyata keçirilməsi üçün səylərini davam etdirdiklərini bildirib.
İsrailin Qəzza və İordan çayının qərb sahilindəki addımlarına qarşı beynəlxalq ictimaiyyətin aydın mövqe ortaya qoymasının vacibliyini vurğulayan Ənsari İsrailin Qəzza Sazişini həyata keçirmək məsələsində “vaxt uzatma siyasəti” apardığını bildirib.
Ənsari sazişin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsini gözlədiklərini qeyd edib.
İran və ABŞ arasında iyunun 14-də Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın ilk mərhələsində ABŞ-ın İrana məxsus dondurulmuş aktivləri azad etməsi müqabilində Hörmüz boğazının açılması və İranın bu strateji su yolundan keçidlərə 60 gün ərzində ödəniş almaması barədə razılıq əldə edilmişdi.
ABŞ razılaşmanın imzalanmasından sonra İranın dondurulmuş aktivlərini azad etməyib və Hörmüz boğazından keçidlər üçün Oman ərazi sularından alternativ marşrut müəyyənləşdirib.
ABŞ-ın bu addımlarını razılaşmanın pozulması hesab edən İran boğazdan keçidləri məhdudlaşdıraraq “icazəsiz keçməyə çalışan” bəzi gəmiləri vurmuşdu. Razılaşmaya baxmayaraq iki ölkə arasındakı gərginlik iyulun 8-də şiddətli toqquşmaların başlamasına səbəb olmuş və qarşıdurmalar təxminən iki həftə davam etmişdi.
İran Hörmüz boğazına sahili olan Oman ilə boğazda gəmilər üçün təhlükəsiz keçid yollarının müəyyənləşdirilməsi məqsədilə yenidən danışıqlara başlamışdı. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Oman ilə aparılan texniki və siyasi danışıqlarda irəliləyiş əldə edildiyini açıqlamışdı.

