Brent neftinin bir barrelinin qiyməti 90 dolları test edir
Brent neftinin bir barrelinin qiyməti beynəlxalq fyuçers bazarlarında 90 dolları test edib.
AFN.az xəbər verir ki, dünən 87,93 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti günü 87,72 dollardan başa vurub.
Brent neftinin bir barrelinin qiyməti bu gün saat 12:24 etibarilə əvvəlki bağlanışla müqayisədə 2,6 faiz artaraq 90 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin sentyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti də 84,36 dollar təşkil edib.
Neft qiymətləri ABŞ ilə İran arasında tezliklə razılaşma əldə ediləcəyinə dair gözləntilərin zəifləməsi və Hörmüz boğazının normal dəniz nəqliyyatına açılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda artımını sürətləndirib.
ABŞ ilə İran arasındakı danışıqlarda tərəflərin kompromisə getməməsi halında neft bazarında yüksək dəyişkənliyin bir müddət də davam edə biləcəyi proqnozlaşdırılır. Brent neftinin bir barrelinin qiymətinin 75-95 dollar aralığında qalacağı gözlənilir.
Brent neftində texniki baxımdan 90,22 dolların müqavimət, 88,64 dolların isə dəstək zonası kimi izlənilə biləcəyi bildirilir.
