Liviyada silahlı qrupların toqquşduğu Zaviye neft anbarında yanğın baş verib
Liviyada son dövrlərdə ətrafında silahlı qruplar arasında toqquşmaların intensivləşdiyi paytaxt Tripolinin qərbində yerləşən Zaviye neft anbarında yanğın baş verib.
AFN.az xəbər verir ki, Liviya Milli Neft Korporasiyasına bağlı Brega Neft Şirkətindən verilən açıqlamaya görə, Zaviye Neft Anbarındakı dizel çənlərindən biri hələlik məlum olmayan şəraitdə zərbə alması nəticəsində zədələnib.
Zədələnmiş çəndə yanğın baş verib və tüstü yüksəlib, yanğınsöndürənlər alova müdaxilə edib.
Yanğın baş verən çənin ətrafındakı neft çənlərində ehtiyat tədbiri olaraq soyutma işlərinə başlanılıb.
Açıqlamada bölgədəki silahlı qruplara toqquşmaları dərhal dayandırmaları və tərəflərə neft obyektlərindən uzaq durmaları barədə xəbərdarlıq edilib.
Digər tərəfdən, Milli Neft Korporasiyasından verilən açıqlamada Zaviye şəhərindəki neft obyektlərinə qarşı hücumlar sərt şəkildə pislənib.
Zaviyedəki neft obyektlərinə qarşı təkrarlanan hücumlar səbəbindən bölgədə fövqəladə vəziyyət elan edildiyi qeyd olunan açıqlamada, məsul şəxslərlə bağlı araşdırma başlanılması tələb edilib.
Zaviye Neft Emalı Zavodunda da avqustun 8-də neft çənlərindən birinə dronun çırpılması nəticəsində başlayan sızmanın nəzarət altına alındığı bildirilmişdi.
Zaviye şəhərində son dövrlərdə silahlı qruplar arasında toqquşmalar yaşanır. Toqquşmaların bəzən neft yataqları və neft emalı zavodlarının ətrafında baş verməsi səbəbindən bu ərazilərin bir hissəsində fors-major vəziyyət elan edilərək hasilat dayandırılır.

