İngiltərənin 71 faizindən çoxu üçün rəsmi olaraq quraqlıq elan edildi



İngiltərədə quraqlıq şəraitinin hökm sürdüyü ərazilərin genişləndirilməsi ilə ölkənin üçdə ikisindən çoxunda rəsmi olaraq quraqlıq elan edilib.

AFN.az xəbər verir ki, İngiltərə Ətraf Mühit Agentliyi iyulun sonunda paytaxt Londonun tamamı da daxil olmaqla İngiltərənin yarısı və Uels üçün quraqlıq elan etmişdi.

İngiltərə Ətraf Mühit Agentliyi və digər hökumət rəsmiləri, sektor və fermer nümayəndələrindən ibarət İngiltərə Milli Quraqlıq Qrupu bu gün iclas keçirib.

İclasın nəticəsində qəbul edilən qərara əsasən, İngiltərədə quraqlığın təsir etdiyi ərazilərə Şərqi Midlend, Linkolnşir və Northemptonşir, Kent və Şərqi Sasseks, həmçinin Solent və Cənubi Daunz da əlavə edilib.

Beləliklə, İngiltərənin 71,3 faizi üçün rəsmi olaraq quraqlıq elan edilib. Eyni zamanda ölkənin bütün bölgələrində su ehtiyatlarının təzyiq altında olduğu barədə xəbərdarlıq edilib.

İngiltərədə şiddətli quraqlığın hökm sürdüyü ərazilərdə 45 milyon insan yaşayır. Ölkədə su istifadəsinə məhdudiyyətlərin tətbiq edildiyi bölgələrdə isə 27 milyon nəfərlik əhali yaşayır.

Milli Quraqlıq Qrupunun sədri Toni Qreyliq məsələ ilə bağlı açıqlamasında quraqlıq şəraitinin daha da şiddətləndiyini bildirib. O, əhəmiyyətli miqdarda və davamlı yağış yağmadığı təqdirdə bu şəraitin davam edəcəyini qeyd edib.

İnsan fəaliyyətindən qaynaqlanan qlobal istiləşmə səbəbindən İngiltərənin iqlimində böyükmiqyaslı dəyişikliklər baş verir. Yağışlı iqlimi ilə tanınan ölkənin bəzi bölgələrində təxminən iki aydır əhəmiyyətli miqdarda yağış yağmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu