Avropa birjalarında qarışıq mənzərə: İnvestorlar Yaxın Şərqdən gələn xəbərləri gözləyir
Avropa birjalarında Yaxın Şərqdə sülhü təmin edəcək razılaşmanın gecikməsi fonunda qarışıq dinamika müşahidə olunur.
AFN.az xəbər verir ki, qlobal bazarlarda ABŞ-da açıqlanan zəif məşğulluq göstəricilərindən sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərin zəifləməsi risk iştahını dəstəkləyib. Bununla yanaşı, Yaxın Şərqdəki gərginliyin təsiri ilə artan enerji xərclərinin inflyasiya təzyiqlərini gücləndirə biləcəyi ilə bağlı narahatlıq investorları ehtiyatlı davranmağa vadar edib.
Ötən həftə açıqlanan məlumatlara görə, ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq iyul ayında 23 min nəfər azalıb. Bazar gözləntiləri isə 85 min nəfərlik artım istiqamətində idi. Özəl sektorda məşğulluq eyni dövrdə 44 min nəfər artsa da, bu göstərici də proqnozların altında qalıb.
Məlumatların açıqlanmasından sonra pul bazarlarında ilin sonuna qədər FED-in faiz artımı ilə bağlı gözləntilər zəifləyib. Bankın sentyabr iclasında pul siyasəti mövqeyini dəyişməyəcəyi ehtimalı 53 faizə yüksəlib. Mümkün faiz artımı ehtimalı isə oktyabr ayı üçün 71 faiz, dekabr ayı üçün 83 faiz səviyyəsində qiymətləndirilir.
Analitiklər bildiriblər ki, iyunda başlayan Dünya Çempionatının iyulda başa çatmasından sonra xüsusilə xidmət sektorunda məşğulluğun azalmasının kənd təsərrüfatından kənar məşğulluqdakı geriləmənin səbəblərindən biri ola biləcəyini nəzərdən qaçırmaq olmaz.
Geosiyasi müstəvidə ABŞ administrasiyası İrana qarşı yeni hərbi əməliyyatı hələlik arxa plana keçirərək iqtisadi təzyiqin nəticə verməsini gözləyir.
Yaxın Şərqdə sülhü təmin edəcək razılaşmanın gecikməsi və danışıqlarda hələlik müsbət irəliləyişin olmaması ilə yanaşı, İranın Hörmüz boğazını yenidən açmaq üçün ABŞ hərbçilərinin bölgədən çıxarılması, dəniz blokadasının aradan qaldırılması və iqtisadi ödənişin həyata keçirilməsi kimi tələblərində israr etməsi region bazarlarında geosiyasi riskləri gündəmdə saxlayır.
Bu həftə Avrozonada mühüm iqtisadi göstəricilər diqqətlə izləniləcək.
Çərşənbə günü Almaniyada inflyasiya, cümə axşamı Böyük Britaniyada iqtisadi artım və sənaye istehsalı ilə yanaşı, Avrozonada sənaye istehsalı, cümə günü isə Avrozonada iqtisadi artım göstəriciləri investorların diqqət mərkəzində olacaq. Ötən həftə regionda iqtisadi aktivliyin sürətləndiyinə işarə edən göstəricilər bazarları dəstəkləmişdi.
Bu hadisələrin fonunda Avropa bazarlarında saat 11:40-a olan məlumata görə, Stoxx Europe 600 göstərici indeksi 0,7 faiz artaraq 660,7 bəndə yüksəlib.
Böyük Britaniyada FTSE 100 indeksi əvvəlki bağlanışla müqayisədə 0,1 faiz azalaraq 10 887 bəndə, İtaliyada FTSE MIB 30 indeksi 0,05 faiz geriləyərək 53 691 bəndə, İspaniyada IBEX 35 indeksi isə 0,27 faiz düşərək 20 131 bəndə enib.
Almaniyada DAX 40 indeksi 26 347 bənd səviyyəsində üfüqi dinamika nümayiş etdirir. Fransada CAC 40 indeksi isə əvvəlki bağlanış səviyyəsinə paralel olaraq 8 714 bənddə ticarət olunur.
Analitiklər günün qalan hissəsində Avrozonada Sentix investor inamı indeksinin göstəricilərinin izləniləcəyini bildiriblər.
