Peru: Rusiya-Ukrayna müharibəsində 11 vətəndaşımız ölüb



Peru Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsində indiyədək 11 Peru vətəndaşının öldüyünü, 114 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

AFN.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyadan 31 vətəndaşın təxliyə edildiyi bildirilib. Açıqlamada “Rəsmi məlumatlara görə, 459 Peru vətəndaşının müharibəyə qatıldığı, təəssüf ki, onlardan 11-nin öldüyü, 114-nün itkin düşdüyü və 3-nün Ukrayna ordusu tərəfindən əsir götürüldüyü müəyyən edilib” ifadələrinə yer verilib.

Açıqlamada Peru-nun Rusiyadakı səfirliyinin Konsulluq şöbəsinin zərərçəkmiş vəziyyətdə olan iki gəncin ölkəyə qaytarılması prosesini idarə etdiyi, iyul ayının sonunda daha 2 Peru vətəndaşının konsulluq prosedurları tamamlanaraq ölkəyə qayıtmasının təmin edildiyi qeyd olunub.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı verilən saxta iş elanlarına diqqət çəkilən açıqlamada insan alveri şəbəkələrinin əlinə düşmək riski səbəbindən bu cür təkliflərə etibar edilməməsi və xarici dövlətin ordusunda xidmət etmək üçün dövlətdən rəsmi icazə alınmasının məcburi olduğu xatırladılıb.

Açıqlamada bu prosesdə rol oynayan insan qaçaqmalçılarının Baş Prokurorluğa və Polis Təşkilatına məlumat verilməsinin vacibliyi vurğulanıb. Həmçinin zərərçəkənlərin və onların yaxınlarının Ukrayna bölgəsinə də xidmət göstərən Moskva və Varşava konsulluqları ilə əlaqə saxlaya biləcəyi bildirilib.

Milli mətbuatda yayılan xəbərə görə, Rusiya ordusuna qoşulan Peru vətəndaşlarının ailələri Limadakı Rusiya səfirliyi qarşısında yaxınlarının, xüsusilə yaralıların ölkəyə gətirilməsini və onların taleyi barədə məlumat verilməsini tələb ediblər.

Ailələrin nümayəndəsi ən azı 150 perulunun həyatını itirdiyi barədə məlumat aldıqlarını, lakin bu rəqəmin hələlik rəsmi şəkildə təsdiqlənmədiyini bildirib.

Peru hökuməti isə itkin düşən vətəndaşların tapılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsindən yardım istəyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu