Cənubi Afrikanın Keyptaun şəhərində üç ayrı silahlı hücumda 11 nəfər öldü
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində həyata keçirilən üç ayrı silahlı hücumda 11 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Cənubi Afrika Polis Xidmətindən (SAPS) verilən açıqlamada Keyptaun şəhərinin Khayelitsha, Langa və Gugulethu bölgələrində baş verən hücumlarla bağlı araşdırma başladıldığı bildirilib.
Khayelitsha bölgəsinin Lingelethu West ərazisində baş verən hücumda 25, 31 və 35 yaşlarında olan 3 kişinin güllələnərək öldürüldüyü qeyd edilib.
Langanın KwaLanga bölgəsindəki Winnie Mandela küçəsində təşkil edilən hücumda isə 4 kişi və bir qadın həyatını itirib.
Gugulethudakı Barcelona qeyri-qanuni yaşayış məntəqəsində baş verən üçüncü hücumda 2 kişi və bir qadın öldürülüb, 2 nəfər yaralanıb.
Polis hücumların baş verdiyi ərazilərə və riskli hesab edilən digər məntəqələrə əlavə əməkdaşların göndərildiyini açıqlayıb.
Western Cape əyalətinin Polis rəisi general-leytenant Sizakhele Dyantyi hücumların səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirərək, araşdırmaya kömək edə biləcək şəxsləri məlumat paylaşmağa çağırıb.
Hücumları törədən şəxslərin tutulmasına səbəb olacaq məlumat üçün 100 min Cənubi Afrika randı (təxminən 6 min dollar) mükafat veriləcəyini açıqlayan Dyantyi dəstə zorakılığı və qanunsuz silahların əyalətdə ciddi təhlükəsizlik problemlərinə səbəb olduğunu bildirib.
Hücumlarla bağlı hələlik heç kimin saxlanılmadığı bildirilib.




