İspaniya sərhəd nəzarətinə görə İtaliyanı cavab tədbirləri ilə hədələyib - media
İspaniya hakimiyyəti, Romanın Seutadakı miqrant axınından sonra tətbiq etdiyi sərhəd nəzarətini avqustun 9-dək ləğv etməyəcəyi təqdirdə, İtaliyadan gələn səyahətçilərə qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya hökumətinin bəyanatında əksini tapıb.
Sənəddə qeyd olunur ki, İtaliyanın addımları ədalətsizdir, Avropa İttifaqının mənafelərinə ziddir və İspaniya əhalisinə qarşı disskriminasiya xarakteri daşıyır. Madrid vurğulayıb ki, keçən həftə Seutaya qanunsuz daxil olan miqrantların heç birinə Şengen zonası daxilində sərbəst hərəkət etmək imkanı verilməyib.
İspaniya hökuməti İtaliyanı avqustun 9-dan gec olmamaq şərtilə sərhəd nəzarətini ləğv etməyə çağırıb, əks halda adekvat addımlar atacağını bəyan edib. Cavab tədbirlərinin nədən ibarət olacağı açıqlanmır.
