Gedişi var, dönüşü yox? - Bakı–Tbilisi qatarı ilə bağlı bütün suallara CAVAB+MÜSAHİBƏ
Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə biletlərin, xüsusilə geri dönüş istiqamətində yerlərin tapılmaması son günlər sərnişinlər arasında ciddi narazılıq doğuran məsələlərdən birinə çevrilib. Sərnişinlərin bir qismi gediş biletini əldə etdikdən sonra geri dönüş üçün yer tapa bilmədiyini, nəticədə səfər planlarının pozulduğunu bildirir. Sosial şəbəkələrdə də bu vəziyyətlə bağlı müxtəlif iddialar səslənir, faktlar ictimailəşdirilir. "Azərbaycan Dəmir Yolları" QSC isə biletlərin satışında hər hansı məhdudiyyət olmadığını və bütün sərnişinlərin eyni şərtlərlə bilet əldə etdiyini açıqlayır.
Məsələnin digər tərəfi tələbin yüksək olması ilə mövcud yerlərin sayı arasındakı uyğunsuzluqdur. Sistemdə biletlərin satışa çıxdıqdan qısa müddət sonra tükənməsi, sərnişinlərin geri dönüş biletini əvvəlcədən təmin etmədən gediş bileti alması onlar üçün riskləri yaradır. Eyni zamanda, gediş bileti alıb geri dönüş bileti tapa bilməyən sərnişinin bundan sonra biletini qaytarması zamanı müəyyən məbləğin tutulması da suallar doğurur.
AFN.az bu və digər məsələlərlə bağlı sualları Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevə ünvanlayıb:
- Bəxtiyar bəy, Tbilisi-Bakı marşrutu üzrə geri dönüş biletlərinin satışında hər hansı məhdudiyyət varmı? Varsa, bunun səbəbi nədir?
- Azərbaycan Dəmir Yollarının ölkədaxili və beynəlxalq marşrutları üzrə, o cümlədən Tbilisi–Bakı istiqamətinə bilet satışında hər hansı məhdudiyyət yoxdur. Bilet satışı bütün sərnişinlər üçün bərabər şərtlərlə həyata keçirilir. Satış vahid sistem üzərindən onlayn şəkildə (ADY-nin rəsmi saytı və “ADY Mobile” mobil tətbiqi) və dəmiryol kassaları vasitəsilə aparılır.
- ADY gediş biletini satarkən sərnişinlərə geri dönüş biletlərinin satış vəziyyəti və onların əldə olunması imkanları barədə əvvəlcədən məlumat verirmi?
- Bilet satışı həm onlayn, həm də dəmiryol kassalarında həyata keçirilir. Sərnişinlər sistemə daxil olarkən hər iki istiqamət (gediş və geri dönüş) üzrə mövcud yerləri, sinifləri və qiymətləri real vaxt rejimində görə bilirlər. Yəni gediş bileti alarkən sərnişin sistemdə dönüş üçün hansı tarixlərdə yer olduğunu, neçə yerin qaldığını və gediş qiymətini əvvəlcədən öyrənə bilir. Bu, ayrıca fərdi bildiriş şəklində deyil, ümumi satış interfeysi üzərindən təqdim edilən açıq məlumatdır.
Ümumiyyətlə, yüksək tələbat dövründə (mövsümi sıxlıq, bayram və qeyri-iş günləri) biletlərin tez satılıb tükənməsi sərnişin artımı və qatarlarda yer tutumu ilə bağlıdır. Qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbatın yüksək olmasının əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur.
- Sərnişin geri dönüş biletini əldə edə bilmədiyi üçün gediş biletindən imtina etdikdə, biletin dəyərindən hansı hüquqi əsasla xidmət haqqı və ya cərimə tutulur?
- Sərnişin qatarın yola düşməsinə 24 saat qalanadək biletin qaytarılması ilə bağlı müraciət etdikdə biletin tam dəyəri, qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda biletin dəyərinin 90%-i, 6 saatdan az qaldıqda və ya yola düşdükdən sonrakı 1 saat ərzində müraciət edildikdə isə 75%-i geri qaytarılır. Bu qayda “Azərbaycan Dəmir Yolları” QSC-nin Nizamnaməsi”nə uyğun olaraq 18.04.2025-ci ildə İradə Heyəti tərəfindən təsdiqlənib.
- Marşrut üzrə geri qaytarılan biletlərin sayı və bu biletlərdən tutulan xidmət haqları barədə statistik məlumat varmı?
- Bu marşrut üzrə satılan 50 mindən çox biletin 1%-ə yaxını qaytarılıb.
- Sosial şəbəkələrdə səsləndirilən narazılıqlar və sərnişinlərin geri dönüş biletlərinin satışı ilə bağlı problemləri nəzərə alınaraq, ADY tərəfindən bu vəziyyətin aradan qaldırılması istiqamətində hər hansı tədbirlərin görülməsi planlaşdırılırmı?
- Bakı–Tbilisi–Bakı istiqaməti üzrə sərnişinlərin yüksək tələbatını nəzərə alaraq, müvafiq işlər görülür. Hazırda satış müddəti 30 gündən 51 günə qədər artırılıb. Bu proses mərhələli şəkildə 90 günə çatdırılacaq. Həmçinin marşrut üzrə qatarların tərkibinə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.
Bununla da qatarlarda 386 yerdən 172-si standart+, 182-si yer isə komfort sinif vaqonların payına düşür. Yəni hazırda qatardakı yerlərin 92 faizi sərnişinlərə daha münasib qiymətə təklif edilir.
Beləliklə, son yeniliklər sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaradılıb.
Bu marşrut üzrə əlavə reysin təşkili ilə bağlı işlər isə davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Ümumiyyətlə, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır.
- Biletlərin kütləvi şəkildə turoperatorlar və ya vasitəçilər tərəfindən əldə edilərək sonradan daha yüksək qiymətə satılması ilə bağlı ADY-də hər hansı monitorinq aparılırmı? Bu halların qarşısının alınması üçün hangi tədbirlər görülür və ya planlaşdırılır?
- Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Biletlərin kütləvi şəkildə alınıb sonradan satılması halları qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Buna görə də turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyimiz kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir.
Sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır. Bir məqamı da qeyd edək ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır və Bakıya səfər etmir. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik və Qardabani stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minir və düşürlər.
25 may 2026-cı il tarixindən indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə bütün qatarların doluluq göstəricisi 100% olub.
Həbibə ABDULLA




