Tayvan ilk dəfə modernize edilmiş 108 "Abrams" tankını təlimlərə cəlb edib


Tayvan hərbçiləri ABŞ tərəfindən tədarük edilən 108 ədəd modernize olunmuş "Abrams M1A2T" tankının hamısını ilk dəfə illik "Han Quan" təlimlərində tətbiq ediblər.

AFN.az xəbər verir ki, bu barədə yerli "Liberty Times" qəzeti məlumat yayıb.

Hərbi texnika hava üstünlüyünün ciddi təhdid altında olduğu ssenari çərçivəsində üç əsas istiqamətdə yerləşdirilib: adanın inzibati mərkəzi Taybeyə aparan Danşuy çayının mənsəbi və Dantszyan körpüsü ərazisində; desant əməliyyatlarına və hava hücumlarına qarşı həssas olan Taybey limanı və Bali rayonu sahilində; həmçinin adanın şimalındakı Taoyuan və Sinçju şəhər zonalarının nəqliyyat magistrallarında. Bundan əlavə, tanklar Taoyuan beynəlxalq hava limanının müdafiəsi təlimlərinə də cəlb olunub.

"M1A2T" Amerikanın "M1 Abrams" tankının yeni variantıdır. Vaşinqton 2019-cu ildə Taybeyə 108 belə maşının satışını təsdiqləyib. Döyüş maşınlarının son partiyası Tayvana 2026-cı ilin aprelində gətirilib.

20 min nəfərin iştirak etdiyi irimiqyaslı illik "Han Quan" hərbi təlimləri Tayvanda avqustun 5-də başlayıb və avqustun 14-dək davam edəcək. Təlimlərə döyüş hazırlığı vəziyyətinə gətirilmə, birgə əks-desant əməliyyatları, eşelonlaşdırılmış müdafiə və PUA-lara qarşı mübarizənin işlənilməsi daxildir. Təlimlər zamanı döyüş atışları keçiriləcək. Avqustun 10-da və 13-də təlimlər çərçivəsində adanın mərkəzi və şimal hissələrində internetin sürəti 30 dəqiqəlik azaldılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu