ABŞ-ın Nyu-Meksiko ştatından Ədliyyə Nazirliyinə "Epşteyn" işi üzrə iddia
ABŞ-ın Nyu-Meksiko ştatı azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan Ceffri Epşteynin ştat ərazisində törətdiyi iddia edilən cinayətlərlə bağlı araşdırmada sənədlərə senzurasız çıxış əldə etmək məqsədilə ABŞ Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, Nyu-Meksiko Ədliyyə Nazirliyi ABŞ Ədliyyə Nazirliyinin əlində olan sənədləri təqdim etməkdən imtina etməsinin İnzibati Prosessual Qanunun pozuntusu və ştatın öz sərhədləri daxilində törədilən cinayətlərlə bağlı mühakimə səlahiyyətinə müdaxilə olduğunu bildirib.
İddia ərizəsində ABŞ Ədliyyə Nazirliyinin məlumat paylaşmaqdan imtina qərarının qanunsuz elan edilməsi və sənədlərin ştata senzurasız şəkildə təqdim olunması tələb edilib.
Nyu-Meksiko ştatının baş prokuroru Raul Torrez bildirib ki, onların vəzifəsi zərərçəkənləri qorumaq və ştatda törədilən cinayətləri araşdırmaqdır. O qeyd edib ki, mümkün cinayətlərin, zərərçəkənlərin və şahidlərin müəyyən edilməsi üçün həyati əhəmiyyət daşıyan sənədlərə çıxış məsələsində Ədliyyə Nazirliyindən əməkdaşlıq istəyib. Prokuror qeyd edib ki, baş verən gecikmə cinayət istintaqına birbaşa zərər vurur və Epşteyn qurbanlarının haqq etdiyi ədalətin gecikməsinə səbəb olur.
İddia ərizəsində Epşteynin Zorro Ranch malikanəsindən 25 ildən artıq müddətdə mütəmadi istifadə etdiyi, ictimaiyyətə açıqlanan məhkəmə sənədlərində də Nyu-Meksiko və həmin mülklə bağlı minlərlə qeydin yer aldığı vurğulanıb.
Bundan əlavə, federal sənədlərdə həmin mülk, Epşteyn və Ghislaine Maxwell ilə əlaqəli şəxslərlə bağlı insan alveri, cinsi istismar və digər cinayətlərə dair sübutların olduğu iddia edilib.
Ərizədə qeyd olunub ki, federal prokurorlar 2019-cu ildə Nyu-Meksiko rəsmilərindən apardıqları araşdırmanı dayandırmağı istəyib, öz istintaqları başa çatdıqdan sonra müvafiq məlumatları paylaşacaqlarını bildiriblər. Lakin aradan keçən müddətdə həmin məlumatlar ştat orqanlarına təqdim olunmayıb.
İstintaqı yenidən başladan Nyu-Meksiko hüquq-mühafizə orqanlarının Zorro Ranch malikanəsində ilk dəfə axtarış apardığı və araşdırmalarını davam etdirdiyi bildirilib.
