Brent neftinin bir barreli 79,91 dollardan satılır



Brent markalı neftin bir barreli beynəlxalq əmtəə birjalarında 79,91 dollar səviyyəsində ticarət olunur.

AFN.az xəbər verir ki, dünən 80,95 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti günü 79,45 dollar səviyyəsində başa vurub.

Bu gün saat 10:39-a olan məlumata görə, Brent neftinin qiyməti bağlanış göstəricisi ilə müqayisədə 0,6 faiz artaraq 79,91 dollar olub. Eyni vaxtda ABŞ-ın WTI markalı xam neftinin sentyabr fyuçersləri üzrə bir barreli isə 75,55 dollar təşkil edib.

Neft qiymətlərinin bahalaşmasına Yaxın Şərqdə tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqların yenidən artması və ABŞ-da pul-kredit siyasətinə dair gözləntilərin tələbat perspektivini dəstəkləməsi təsir göstərib.

Bundan əlavə, İranda dövlətə məxsus Sənaye və Mədən Bankının borclara görə İran Milli Neft Şirkətinin (NIOC) bank hesablarını dondurduğu barədə məlumatlar ölkənin neft sektorunda maliyyə çətinliklərinin dərinləşdiyini göstərərək bazarda təkliflə bağlı riskləri artırıb.

Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) əlavə faiz artımına gedəcəyi ilə bağlı gözləntilərin zəifləməsi də neft qiymətlərinə dəstək verən amillərdən biri olub.

Analitiklər hesab edirlər ki, faiz artımı ehtimalının azalması iqtisadi fəallığı və neftə olan tələbatı dəstəkləyə bilər ki, bu da qiymətlərə yuxarı istiqamətli təsir göstərir.

Digər tərəfdən, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsinin son mərhələyə çatdığına dair xəbərlər neft qiymətlərinin daha da yüksəlməsinin qarşısını alır.

Eyni zamanda, ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatlarının gözləntilərin əksinə olaraq 2,5 milyon barrel artaraq 407 milyon barrelə çatması, gündəlik hasilatın isə 8 min barrel artaraq 13 milyon 804 min barrelə yüksəlməsi bazarda tələbin zəif olduğu qənaətini gücləndirərək qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.

Texniki təhlilə əsasən, Brent neftində 81,65 dollar müqavimət, 78,68 dollar isə dəstək səviyyəsi kimi qiymətləndirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu