ABŞ-da jalapeno bibərlərindən qaynaqlandığı ehtimal edilən salmonella epidemiyası 27 ştata yayılıb



ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) jalapeno bibərlərindən qaynaqlandığı ehtimal edilən salmonella epidemiyasının ölkənin 27 ştatına yayıldığını açıqlayıb.

AFN.az xəbər verir ki, NBC Newsun məlumatına görə, CDC federal qurumların 27 ştatda 345 nəfərin yoluxmasına səbəb olan salmonella epidemiyası ilə bağlı araşdırma apardığını bildirib.

Açıqlamada qeyd olunub ki, jalapeno bibərləri Kaliforniyada yerləşən Coast Citrus şirkəti tərəfindən Meksikadan idxal edilib və həmin məhsullar Chipotle, Qdoba və digər restoran şəbəkələrində istifadə olunub.

CDC-nin məlumatına əsasən, salmonella infeksiyası səbəbindən 36 nəfər xəstəxanaya yerləşdirilib, indiyədək ölüm halı qeydə alınmayıb.

Yoluxmaların ən çox MinnesotaKolorado ştatlarında qeydə alındığı bildirilib. Hər iki ştatda 110 nəfər salmonellaya yoluxub. Bundan başqa, İllinoys ştatında 30, Kanzas ştatında isə 13 yoluxma halı təsdiqlənib.

Salmonella halları həmçinin Alabama, Arkanzas, Kaliforniya, Corciya, İndiana, Kentukki, Luiziana, Miçiqan, Missuri, Montana, Nebraska, Şimali Karolina, Şimali Dakota, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi, Texas, Yuta, Virciniya, Vaşinqton, Viskonsin və Vayominq ştatlarında da qeydə alınıb.

Bu arada, Chipotle restoranlar şəbəkəsi ehtiyat tədbiri olaraq jalapeno bibərlərini menyusundan çıxardığını açıqlayıb.

Qdoba da profilaktik məqsədlə bütün restoranlarında jalapeno bibərlərinin istifadəsini dayandırdığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu