İtaliyada bu yay meşə yanğınları 70 min hektar ərazini məhv edib



İtaliyada bu yay baş verən meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi yanaraq məhv olub. Bu göstərici təxminən 100 min futbol meydançası böyüklüyündə sahəyə bərabərdir.

ANSA agentliyinin Dünya Təbiəti Mühafizə Fondunun (WWF) hesabatına istinadən yaydığı məlumata görə, ölkədə bu yay qeydə alınan meşə yanğınları böyük ekoloji ziyana səbəb olub.

Hesabatda bildirilir ki, yanğınların təxminən üçdə biri mühafizə olunan təbiət ərazilərində baş verib. Son 20 il ərzində isə meşə yanğınları nəticəsində məhv olan ərazilərin sahəsi 133 faiz artıb.

WWF-in məlumatına görə, Avropanın digər ölkələrində vəziyyət daha ağırdır.

İspaniyada bu il 219 min hektar, Fransada isə 91 min hektar ərazi meşə yanğınları nəticəsində yanıb.

Hesabatda fikirlərinə yer verilən WWF-in Avropa İttifaqı üzrə meşələr məsələsinə cavabdeh nümayəndəsi Anke Şulmister-Oldenhov "Avropa yanır, amma yanğınsöndürənlər ümidsiz şəkildə alovla mübarizə apararkən, liderlərimiz kondisionerli otaqlarda oturub Avropa İttifaqının iqlim və təbiətin mühafizəsi ilə bağlı qanunlarını nə qədər zəiflədə biləcəklərini müzakirə edirlər. Əsl sual isə bu qanunların gələcək fəlakətlərin qarşısını almaq üçün necə daha da gücləndirilməsinin vacibliyidir" deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu