Qərbi Avropada bu yay temperatur rekordu qırılıb
Avropa İttifaqının iqlim monitorinq xidməti Kopernikin məlumatlarına görə, Qərbi Avropada iyun və iyul aylarında orta temperatur mövsüm normalarından 2,79 dərəcə yüksək olaraq 21,62 dərəcəyə çatıb.
AFN.az xəbər verir ki, iyul ayı eyni zamanda qlobal miqyasda qütb bölgələri istisna olmaqla okeanlar üçün ən isti ay kimi qeydə alınıb.
Atlantik okeanı və Qərbi Aralıq dənizi boyunca ölçülən rekord temperaturların Sakit okeanda baş verən El Nino hava hadisəsinin təsiri ilə dəniz canlılarına və sahilyanı icmalara mənfi təsir göstərdiyi bildirilib.
İsti hava dalğalarının təsiri altına düşən Avropada yüksək temperaturla əlaqəli səbəblərdən 25 mindən çox insanın həyatını itirdiyi bildirilib. Köhnə infrastruktur və kondisionerlərdən istifadənin yetərli olmaması isə isti hava ilə mübarizəni çətinləşdirib.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlimşünası Samanta Burqess qızmar isti ilə quraqlığın bir-birini gücləndirdiyini bildirərək, torpağın quruması ilə təbii soyutma qabiliyyətini itirdiyini qeyd edib. Fransa, İspaniya, Almaniya və İngiltərənin bəzi bölgələrində yağıntı və torpaq rütubəti səviyyələrində rekord azalmalar qeydə alınıb.
Rekord temperaturlar qitə üzrə meşə yanğınlarını tətikləyib. İspaniya, Fransa və İtaliyada təsirli olan yanğınlarda 1,23 milyon akrdan çox ərazi yanıb, yüz minlərlə insan yaşayış yerlərindən köçürülüb. Kopernik Atmosfer Monitorinq Xidmətinin direktoru Lorans Ruil yanğınların yaratdığı sıx tüstünün geniş ərazilərdə hava keyfiyyətini aşağı saldığını bildirib.
Quraqlıq səbəbindən Sena, Reyn və Dunay çaylarında suyun səviyyəsi aşağı düşüb. Dunay çayında suyun həddindən artıq çəkilməsi səbəbindən Macarıstan və Rumıniyada çaydan soyutma suyu alan nüvə reaktorlarında istehsal müvəqqəti olaraq dayandırılıb.
