Fransa tarixinin ən isti iyul ayını yaşayıb
Fransada iyul ayı orta temperaturun 24 dərəcəni ötməsi ilə ölkə tarixinin ən isti ayı kimi qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Fransanın meteorologiya xidməti Meteo-France məlumat yayıb.
Açıqlamada bildirilir ki, ölkə 1990-cı ildən etibarən aparılan müşahidələr dövründə ən isti iyul ayını yaşayıb.
Meteo-France-ın məlumatına görə, iyul ayında ölkə üzrə orta hava temperaturu 24,9 dərəcə təşkil edib.
Bundan əvvəlki temperatur rekordları 2003-cü ilin avqustunda 24,8 dərəcə, 2006-cı ilin iyulunda isə 24,4 dərəcə olub.
Həmçinin, ölkədə iyul ayında 70 faiz yağıntı çatışmazlığı qeydə alınıb və bu ay müşahidələr tarixində üçüncü ən quraq iyul kimi tarixə düşüb.
Mütəxəssislər rekord həddə çatan istilərin və quraqlığın meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər.
Tarixinin ən böyük meşə yanğınları mövsümünü yaşayan Fransada bu il indiyədək 117 min hektar ərazi yanaraq məhv olub.

