Yunanıstanın Attika bölgəsində 2018-2026-cı illərdə 480 min hektardan çox ərazi yanıb
Yunanıstanın paytaxtı Afinanı da əhatə edən Attika bölgəsinin qərbində 2018-2026-cı illər ərzində baş verən iri meşə yanğınları nəticəsində 480 min hektardan çox ərazi külə çevrilib.
AFN.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı Avropa Birliyinin məlumatlarına əsasən xəbər yayıb.
Məlumata görə, Avropa Birliyinin Copernicus Sürətli Xəritələşdirmə Xidməti və Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) məlumatlarına əsaslanan yenilənmiş təhlilin nəticələri açıqlanıb.
Qiymətləndirməyə əsasən, 2026-cı il iyulun 31-də Porto Germeno bölgəsində baş verən son böyük yanğından sonra aparılan hesablamalar göstərib ki, 2018-2026-cı illərdə Attikanın qərbində qeydə alınan 6 iri meşə yanğınında 480 min hektardan çox ərazi yanıb.
Bildirilir ki, Porto Germenoda davam edən yanğın hələ tam söndürülməyib. Hazırkı hesablamalar avqustun 2-si günorta saatlarınadək əldə olunan peyk görüntülərinə əsaslanır. Yanğın tam nəzarət altına alındıqdan sonra yekun zərər qiymətləndirilməsinin yenilənəcəyi qeyd olunub.
Xəbərdə fikirlərinə yer verilən Yunanıstan Milli Rəsədxanasının yanğın meteorologiyası üzrə mütəxəssisi Kostas Giannaros bildirib ki, Porto Germenodakı yanğın öz hava axınını formalaşdıracaq qədər geniş miqyas alıb. Onun sözlərinə görə, buna görə də külək nisbətən zəif olsa belə, alovun yayılması davam edir.
Giannaros vurğulayıb ki, avqust ayı yanğın meteorologiyası baxımından ilin ən kritik dövrüdür. O əlavə edib ki, yanğın bölgənin relyefi və bitki örtüyünün xüsusiyyətlərinə uyğun şəkildə yayılmaqdadır.
