Pezeşkian istefa verdiyi ilə bağlı iddiaları təkzib etdi
İran Prezidenti Məsud Pezeşkian istefa verdiyi və ya verəcəyi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirərək vəzifəsini icra etməyə davam edəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi Pezeşkianın xalqa müraciətindən bir hissəni yayımlayıb.
İstefa ilə bağlı iddialara münasibət bildirən Pezeşkian deyib: "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərəm. İstefa verməyəcəyəm, mübarizə aparacağam."
İranın ali rəhbəri Əli Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşadığı barədə iddiaları da təkzib edən Prezident, ordu ilə tam koordinasiya şəraitində fəaliyyət göstərdiklərini bildirib.
Pezeşkian qeyd edib ki, hər hansı fikir ayrılığı yaranacağı təqdirdə Silahlı Qüvvələrin onun deyil, Əli Xameneinin yanında yer alacağını hər kəs bilir.
Prezident bəzi dairələrin İranın ali rəhbəri ilə dövlət başçısı arasında qarşıdurma görüntüsü yaratmağa çalışdığını vurğulayaraq, bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Məlumata görə, Pezeşkianın xalqa müraciətinin videogörüntüsü dörd hissə şəklində yayımlanacaq.
Xatırladaq ki, İran rejiminə müxalif bəzi media orqanlarında Pezeşkianın daha əvvəl bir neçə dəfə Əli Xameneiyə istefa ərizəsi təqdim etdiyi barədə iddialar səsləndirilmişdi.
