Finlandiyada ilk nüvə tullantıları anbarının istismarı üçün lisenziya verilib
Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi işlənmiş nüvə yanacağının saxlanılması üçün dünyanın ilk yeraltı anbarının istismarına icazə verib.
AFN.az xəbər verir ki, qurumun bəyanatında lisenziyanın verilməsi üçün bütün təhlükəsizlik tələblərinin yerinə yetirildiyi bildirilir. Qeyd olunur ki, bu, dünyada işlənmiş nüvə yanacağının geoloji anbarı üçün istismar icazəsinin verildiyi ilk haldır. Anbarın fəaliyyətə başlaması üçün İdarənin rəyi əsasında ölkə hökumətinin də yekun icazəsi tələb olunur.
"Olkiluoto" atom elektrik stansiyasının yaxınlığında "Posiva" şirkəti tərəfindən inşa edilən "Onkalo" anbarında işlənmiş nüvə yanacağının 400-450 metr dərinlikdəki süxurlarda xüsusi konteynerlərdə basdırılması nəzərdə tutulur. İstismar icazəsi 2070-ci ilədək olan dövr üçün verilib.

