Qvatemalada Fueqo vulkanı aktivləşib - Təxliyə əmri verilib
Mərkəzi Amerika ölkəsi Qvatemalada yerləşən Fueqo vulkanının yenidən aktivləşməsi səbəbindən ətraf yaşayış məntəqələrinin sakinləri üçün təxliyə əmri verilib.
AFN.az xəbər verir ki, bu barədə Qvatemala Fövqəladə Halların İdarə Olunması Agentliyi (CONRED) məlumat yayıb.
Açıqlamada bildirilib ki, paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanı dünən yerli vaxtla səhər saatlarında aktivləşməyə başlayıb.
Məlumata görə, gün ərzində püskürmənin intensivliyi artıb və vulkanın ətrafındakı iki kənd üçün təxliyə əmri elan edilib.
Rəsmilər bölgədə narıncı təhlükə səviyyəsi elan olunduğunu, vulkan külünün ətraf ərazilərə yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Həmçinin vulkanın yaxınlığından keçən avtomobil yollarından biri nəqliyyatın hərəkəti üçün bağlanıb, bölgəyə yaxın məktəblərdə isə dərslər müvəqqəti dayandırılıb.
Qvatemala Seysmologiya, Vulkanologiya və Meteorologiya İnstitutunun açıqlamasında da vulkan püskürməsinin gücünün artdığı bildirilib.
3 min 763 metr hündürlüyündə olan Fueqo vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri hesab olunur.
Xatırladaq ki, Fueqo vulkanı 2018-ci ildə baş verən güclü püskürmə nəticəsində təxminən 200 nəfərin ölümünə səbəb olmuşdu.
