Kolumbiya Prezidenti yeni seçilmiş hakimiyyətə xəbərdarlıq etdi



Kolumbiya Prezidenti Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq yeni seçilmiş Prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində bombalı hücum baş verə biləcəyi barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Petro bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Prezident paylaşımında Kali şəhərində onlarla ton partlayıcı maddənin olduğunu iddia etsə də, bu barədə əlavə təfərrüat açıqlamayıb.

Petro bildirib: "Kali şəhərində onlarla ton partlayıcının mövcud olduğunu bilirik. Narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplar ölkədə ümumi həyata təsir göstərəcək fövqəladə vəziyyətin (daxili qarışıqlığın) elan edilməsinə əsas yaratmaq üçün terror aktları törətmək istəyirlər."

Yerli mətbuatın məlumatına görə, Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində silahlı qrupların fəaliyyəti səbəbindən genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcək.

Şəhərdə mümkün zorakılıq hadisələrinin qarşısının alınması məqsədilə 11 mindən çox polis və hərbçi təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək.

Espriellanın seçki qələbəsini tanımayan, lakin avqustun 7-də hakimiyyəti ona təhvil verəcəyini bildirən Petro müxalifəti andiçmə mərasimi münasibətilə Kali, Barrankilya və Boqota şəhərlərində etiraz aksiyaları keçirməyə çağırıb.

Petro daha əvvəl səlahiyyət müddəti başa çatdıqdan sonra Espriellaya qarşı "ən sərt" müxalifəti aparacağını açıqlamışdı.

Kolumbiya Prezidenti iyunun 21-də sağçı namizəd Abelardo de la Espriellanın qalib gəldiyi prezident seçkilərində saxtakarlıq edildiyini iddia edərək, iyulun 22-də seçkinin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Hakim partiyanın solçu namizədi İvan Sepeda üzərində cüzi fərqlə qələbə qazanan sağçı Abelardo de la Espriella avqustun 7-də prezident səlahiyyətlərini Qustavo Petrodan təhvil alacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu