Kolumbiya prezidenti ölkəsinin NATO-dan çıxmasını təklif edir

Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin NATO ilə qlobal tərəfdaşlığından əl çəkməsini istədiyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə iyulun 15-16-da Boqotada Qəzza ilə bağlı fövqəladə konfransda çıxışı zamanı deyib. "Biz NATO-dan çıxmalıyıq. Başqa yol yoxdur" - deyə Kolumbiya prezidenti bildirib.
Petro hesab edir ki, Kolumbiya başqa bir hərbi ittifaqa qoşulmalıdır, çünki onun ölkəsi uşaqlara bomba atan ordularla ola bilməz. "Onlar azadlıq orduları deyil, zülmət ordularıdır. Biz qoşulmaq istəyən bütün xalqların iştirakı ilə işıq ordusu yaratmalıyıq. Biz Avropaya deməliyik ki, əgər onlar Latın Amerikası və Afrika ilə birlikdə olmaq istəyirlərsə, nasistlərə yardımı dayandırmalıdırlar. Və ABŞ xalqına partiya mənsubiyyətindən asılı olmayaraq, nasistlərə yardımı dayandırmağı deməliyik", - deyə prezident əlavə edib.