ABB böhran vəziyyətində niyə susur? - jurnalist sorğusu da cavablandırılmadı


Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) iyunun 24-də baş vermiş texniki nasazlıqdan sonra yaranan qalmaqallı vəziyyətlə bağlı hələ də cəmiyyət qarşısında hesabat verməyib. Bankın ilk açıqlamalarından sonra problemlərin miqyası barədə tam səssizlik hökm sürür. Bütün bunlar bir yana, bank hətta məsələ ilə bağlı yaranmış suallara aydınlıq gətirmək istəyən jurnalistlərin sorğularına belə cavab vermir.

AFN.az redaksiyası olaraq iyulun 8-də ABB-yə rəsmi informasiya sorğusu göndərmişik. Sorğuda texniki nasazlığın nəticələri, zərərçəkən müştərilərin sayı, hesablardan təkrar silinən vəsaitlərin ümumi məbləği, həmin pulların geri qaytarılıb-qaytarılmaması, araşdırmaların gedişi, kompensasiya məsələsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün görülən tədbirlərlə bağlı konkret suallar əksini tapıb.

Lakin üzərindən həftələr keçməsinə baxmayaraq, bank bu sualların heç birinə cavab verməyib.

Sorğuda əksini tapan məsələlər sıradan statistik göstəricilər deyil. Söhbət insanların şəxsi vəsaitindən, bank sisteminin etibarlılığından və milyonlarla müştərinin maliyyə təhlükəsizliyindən gedir. Bankın bu məqamda susqunluğu sıradan laqeydlik kimi qəbul oluna bilməz. Bu halın özü yeni suallar meydana çıxarır:

— Əgər problem tam həll olunubsa, niyə bank zərərçəkənlərin sayını açıqlamır?
— Əgər bütün vəsaitlər geri qaytarılıbsa, niyə bunun rəsmi statistikası ictimaiyyətə təqdim edilmir?
— Əgər sistem tam bərpa olunubsa, niyə görülən tədbirlər barədə hesabat paylaşılmır?
— Əgər hər şey qaydasındadırsa, niyə informasiya sorğusuna cavab verməkdən yayınırlar?


Bu sualların hər biri cəmiyyətin bilməyə haqqı olan məsələlərdir.

ABB sistem əhəmiyyətli bankdır və yalnız maliyyə xidmətləri göstərmir. Bu qurum eyni zamanda ictimai etimadı idarə edir. Belə bir bankın fəaliyyətində baş verən texniki nasazlıq və bunun nəticəsində müştərilərin hesablarında yaranan problemlər barədə maksimum şəffaflıq nümayiş etdirilməsi gözlənilən və tələb olunandır. Amma təəssüf ki, baş verənlər bunun tam əksini göstərir. Şəffaflığın olmadığı yerdə isə şübhələr artır.

Bank nə qədər susursa, cavabsız suallar da bir o qədər çoxalır. İnsanlar haqlı olaraq bilmək istəyirlər: neçə nəfər zərər çəkib? Nə qədər vəsait səhvən silinib? Həmin pulların hamısı geri qaytarılıbmı? Hazırda problemi davam edən müştərilər varmı? Neçə nəfər banka rəsmi şikayət edib? Onların müraciətləri necə araşdırılıb? Müştərilərin maddi zərərinin ödənilməsi ilə bağlı hər hansı qərar varmı?

Bu sualların cavabı yalnız jurnalistləri deyil, ABB-nin milyonlarla müştərisini maraqlandırır.

Müasir bankçılıqda etibar reklam kampaniyaları ilə deyil, şəffaflıq və hesabatlılıqla qazanılır. Böhran zamanı susmaq ("Problem həll olundu" tipli açıqlamalar susmağa bərabərdir) isə ən uğursuz kommunikasiya strategiyalarından hesab olunur. Dünyanın aparıcı maliyyə institutları oxşar hadisələr zamanı zərərçəkənlərin sayını, problemin səbəblərini, görülən tədbirləri və kompensasiya mexanizmlərini açıq şəkildə ictimaiyyətə təqdim edir. Çünki bankın ən böyük kapitalı müştərinin etimadıdır.

Azərbaycan qanunvericiliyi dövlət qurumları və ictimai əhəmiyyət daşıyan təşkilatlar qarşısında şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı kimi prinsiplər müəyyən edir. Bu prinsiplər xüsusilə milyonlarla vətəndaşın maliyyə vəsaitini idarə edən banklar üçün daha böyük məsuliyyət yaradır.

Bu gün artıq söhbət təkcə iyunun 24-də baş vermiş texniki nasazlıqdan getmir. Müzakirə olunan məsələ ABB-nin böhran vəziyyətində cəmiyyətlə necə ünsiyyət qurduğu, ictimai maraq doğuran suallara niyə cavab vermədiyi və müştərilərinin etimadını necə qorumağa çalışdığıdır.

AFN.az ABB-nin mövqeyini dərc etməyə hazırdır. Bank təqdim edilən suallara cavab verəcəyi təqdirdə, həmin cavablar heç bir ixtisar edilmədən və tam şəkildə oxuculara çatdırılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu