“Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi: Kompleks sosial dəstək və inteqrasiya fəaliyyəti davam etdirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən "Maariflən, dəstək al, inteqrasiya ol" layihəsi çərçivəsində 2026-cı ilin iyul ayı ərzində hüquqi, psixoloji və peşə hazırlığı istiqamətlərini əhatə edən genişmiqyaslı fəaliyyətlər uğurla icra olunub.
AFN.az xəbər verir ki, layihənin əsas məqsədi həssas sosial qruplara aid qadınların, qızların və uşaqların bilik və bacarıqlarının artırılması, onların sosial inteqrasiyasının dəstəklənməsi, hüquqi maarifləndirilməsi, psixoloji dayanıqlığının gücləndirilməsi və peşə bacarıqlarının inkişaf etdirilməsi olub.
İyul ayı ərzində layihə çərçivəsində keçirilən tədbirlər bir-birini tamamlayan kompleks yanaşma əsasında təşkil edilmiş, iştirakçıların yalnız məlumatlandırılması deyil, əldə etdikləri bilik və bacarıqları praktik şəkildə tətbiq etmələrinə də xüsusi diqqət yetirilib.
Peşə hazırlığı istiqamətində saç ustalığı üzrə keçirilən praktiki təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Təlimlərdə saçın qurudulması və fenlə işləmə texnikası, sadə saç kəsimləri, qatlı (kaskad) saç kəsimi və qısa saç kəsimi mövzuları üzrə nəzəri biliklərlə yanaşı geniş praktik məşğələlər həyata keçirilib.
Real modellər üzərində təşkil olunan praktiki məşqlər nəticəsində iştirakçılar saçın strukturunun müəyyən edilməsi, düzgün bölünməsi, peşə alətlərindən təhlükəsiz istifadə, fen texnikası, müxtəlif kəsim üsulları və saçın formalaşdırılması sahəsində ilkin peşə bacarıqları əldə ediblər.
Layihə çərçivəsində hüquqi maarifləndirmə istiqamətində də silsilə təlimlər keçirilmişdir. İştirakçılar mənzil, nikah, əmək, tətil və sosial təminat hüquqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 55-65-ci maddələri barədə geniş məlumat əldə etmiş, hüquqların müdafiəsi mexanizmləri, dövlət təminatları, məhkəməyə müraciət hüququ, hüquqi yardım alma imkanları və vətəndaş məsuliyyəti ilə bağlı praktik nümunələr əsasında maarifləndiriliblər.
Psixoloji istiqamətdə keçirilən "Şəxsi sərhədlərin qorunması", "Erkən nikahın psixoloji aspektləri" və "Psixoloji dayanıqlığın inkişafı" mövzularında təlimlər iştirakçıların emosional rifahının möhkəmləndirilməsinə, özünəinamın artırılmasına, sağlam münasibətlərin qurulmasına və stresslə mübarizə bacarıqlarının inkişafına yönəldilib.
İyul ayının ən mühüm yeniliklərindən biri layihə çərçivəsində qrup terapiyası məşğələlərinin başlanması olmuşdur. Layihənin daha bir mühüm inkişaf istiqaməti də dərzilik kurslarının fəaliyyətə başlaması olmuşdur. Yeni yaradılmış peşə istiqamətinə əlavə olaraq 10 qadın və qız cəlb edilib.
Hüquqi yardım istiqamətində 25 qadına, əlavə olaraq layihədən kənardan müraciət etmiş 2 qadına hüquqi məsləhət göstərilmiş, 4 qız və 3 oğlan uşağının şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı hüquqi müşayiət həyata keçirilib.
Psixoloji yardım xidmətləri isə layihədə iştirak edən bütün benefisiarları əhatə etmiş, 37 qadın, 27 qız və 16 oğlan fərdi və qrup şəklində psixoloji dəstək almışdır.
İyul ayı ərzində layihəyə yeni müraciət edən iştirakçıların sayında da artım müşahidə olunub.
Layihəyə qoşulan yeni qadın və qızların əksəriyyəti sosial dəstəyə, psixoloji yardıma və peşə hazırlığına ehtiyac duyan həssas qrupların nümayəndələri olmuşdur. Onlar üçün fərdi sosial iş planları hazırlanmış, hüquqi, psixoloji və peşə xidmətlərinə inteqrasiya olunmaları təmin edilib.
Aparılan monitorinq və qiymətləndirmə göstərir ki, layihənin kompleks modeli - hüquqi maarifləndirmə, psixoloji dəstək və peşə hazırlığının vahid sistem şəklində həyata keçirilməsi iştirakçıların sosial adaptasiyasına, özünəinamının artmasına, hüquqi biliklərinin genişlənməsinə və gələcək məşğulluq imkanlarının formalaşmasına mühüm təsir göstərib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi qarşıdakı aylarda da layihə çərçivəsində kompleks sosial xidmətlərin davam etdirilməsini, yeni peşə istiqamətlərinin yaradılmasını və həssas qrupların sosial inteqrasiyasının gücləndirilməsini prioritet istiqamət kimi davam etdirəcək.




