NATO-nun təyyarələri Qara dəniz üzərində
NATO-ya məxsus iki kəşfiyyat təyyarəsi gün ərzində Qara dənizin neytral suları üzərində müşahidə olunub.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyinə Avropa İttifaqının aviasiya dispetçer xidmətlərindəki mənbə məlumat verib.
Söhbət Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" və Rumıniyanın Konstansa aerodromunda bazalaşan "Bombardier Artemis II" kəşfiyyat təyyarələrindən gedir.
Mənbənin sözlərinə görə, Britaniyanın "Uaddinqton" hərbi bazasından havalanan "Boeing RC-135W Rivet Joint" təyyarəsi Rumıniya istisna olmaqla, sahilyanı ölkələrin hava məkanına daxil olmadan akvatoriya üzərində bir neçə dairə vurub və bazasına qayıdıb.
İkinci təyyarə — "Bombardier Artemis II" isə Qara dənizin cənub hissəsində qərbdən şərqə və əks istiqamətdə uçuşlar həyata keçirib. Mənbə əlavə edib ki, bu təyyarə tez-tez bu zonada görünür, həmçinin Polşa və Litva hava məkanından istifadə etməklə Kalininqrad vilayəti ətrafında da kəşfiyyat uçuşları aparır.


