Meksikada Kolumbaqədərki dövrə aid saxsı qabların saxlandığı magara tapılıb


Meksikanın Milli Antrologiya və Tarix İnstitutunun (INAH) mütəxəssisləri ölkənin cənubundakı Çyapas ştatında Kolumbaqədərki dövrə aid 13 ritual saxlanc yeri və 179 arxeoloji tapıntı aşkar ediblər.

AFN.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. 

"Mundo-Soke" adını alan 100 metr uzunluğundakı mağaraya giriş olduqca çətindir — buraya enmək üçün 10 metrdən çox dərinliyə kəndirlə düşmək tələb olunur. Alimlərin fikrincə, məhz bu amil məkanın əsrlər boyu toxunulmaz qalmasına və soyğundan qorunmasına şərait yaradıb.

Mağarada zümrüd, yaquar, bayquş və ilan təsvirləri ilə bəzədilmiş ritual urnaları və kasalar tapılıb. Soke xalqının dünyagörüşündə bu heyvanlar yeraltı aləm, gecə və həyat-ölüm dövrü ilə əlaqələndirilir. Həmçinin tapıntılar arasında yerli xalqlar üçün müqəddəs sayılan seyba ağacının tikanlarının təsvirlərinə də rast gəlinib. Mütəxəssislər mağaranın yağış yağdırılması və bərəkət ritualları üçün istifadə edildiyini ehtimal edirlər.

Aşkar olunmuş keramika nümunələrinin eramızın 600-900-cü illərinə aid olduğu bildirilir. Arxeoloqlar saxlanc qablarının daxilində ritual maddələrin qalıqlarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu