Bu şəxslər 7 min manatadək cərimələnəcək
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcəklər.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, təhrif edilmiş məlumatın verilməsinə və ya hesabatların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimələnəcəklər.
Platformanın idarə olunması ilə bağlı məlumat və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək cərimə olunacaqlar.
Kraudfandinq sahəsində pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 7 000 manatadək cərimələnəcəklər.
Kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcəklər.
"Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud xaricdən Azərbaycana qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5 faizindən 10 faizinədək, vəzifəli şəxslər 10 faizindən 20 faizinədək, hüquqi şəxslər isə 20 faizindən 30 faizinədək məbləğdə cərimə olunacaqlar.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna edilən dəyişikliyə əsasən, kraudfandinq platformalarının operatorları öhdəlik daşıyan şəxslər siyahısına daxil ediləcək və nəzarət (monitorinq) tədbirlərinə cəlb olunacaqlar.





