Fransa və İspaniyanın yanğınlarla mübarizəsinə Aİ-dən dəstək
Avropa İttifaqının (Aİ) Fransa və İspaniyada davam edən meşə yanğınları səbəbindən Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində hava və quru dəstəyi göstərdiyi bildirilib.
AFN.az xəbər verir ki, Aİ Komissiyasının açıqlamasında Fransa və İspaniyada davam edən meşə yanğınlarının Avropada ən böyük təxliyə əməliyyatlarından birinə səbəb olduğu, iki ölkədə 300 mindən çox insanın evlərindən didərgin düşdüyü qeyd edilib.
Fransada Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən 7 təyyarə və 4 helikopterin yerləşdirildiyi bildirilən açıqlamada sözügedən təyyarələrin əksəriyyətinin rescEU yanğınsöndürmə donanmasının bir hissəsi olduğu xatırladılıb.
Açıqlamada İspaniyaya Yunanıstan, İtaliya və Türkiyədən 6 təyyarənin səfərbər edildiyi, Portuqaliyadan isə 134 əməkdaş və 41 texnikanın göndərildiyi qeyd olunub.
Aİ-nin “Copernicus” peyk xidmətinin də ərazidəki müdaxiləni dəstəkləmək üçün sürətli fövqəladə vəziyyət xəritələri təqdim etdiyi bildirilən açıqlamada Aİ Komissiyasının Fransa və İspaniya rəsmiləri ilə yaxın təmasda olduğu, əlavə dəstək imkanlarının qiymətləndirildiyi vurğulanıb.
Açıqlamada bir ölkənin Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində yardım tələbi ilə müraciət etməsi halında sorğunun mexanizmə qoşulan 37 ölkəyə çatdırıldığı, iştirakçı ölkələrin imkanları çərçivəsində təyyarə, helikopter, yanğınsöndürmə qrupu, avadanlıq və ya ekspert dəstəyi təqdim etdiyi, Aİ Komissiyasının isə bu dəstəyin koordinasiyasını həyata keçirdiyi və maliyyələşdirilməsinə töhfə verdiyi bildirilib.
Tarixinin ən böyük yanğın mövsümlərindən birini yaşayan Fransada ilin əvvəlindən bəri 98 min hektardan çox ərazi yanıb, Jironda, Landes və Var departamentlərində günlərdir davam edən yanğınlar hələ də nəzarət altına alınmayıb.
İspaniyanın Avila bölgəsindəki meşə yanğınından təsirlənən yaşayış məntəqələrində təxliyə işləri davam edir.
