Fransa yanğınlarla mübarizə üçün Aİ-dən dəstək istədi



Fransa Prezidenti Emmanuel Makron ölkəni cənginə alan yanğınlarla mübarizə üçün Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizminin işə salınmasını xahiş edib.

AFN.az xəbər verir ki, Makron "X" sosial media platformasından verdiyi açıqlamada xüsusilə ölkənin cənub-qərbindəki Jironda vilayətində yanğınlarla mübarizənin davam etdiyini bildirib.

Yanğınsöndürmə işlərinə cəlb olunan yanğınsöndürənlərə və əməkdaşlara təşəkkür edən Fransa dövlət başçısı son bir neçə gündə minlərlə hektar əraziyə yayılan yanğınlar qarşısında Aİ-nin mülki müdafiə mexanizmini aktivləşdirmək istədiyini qeyd edib.

Bu çərçivədə Makron Xorvatiyadan 2, Portuqaliyadan 2 yanğınsöndürən təyyarənin, habelə Çexiya və Slovakiyadan gələcək iki helikopterin söndürmə işlərinə dəstək verəcəyini bəyan edib.

Emmanuel Makron nümayiş etdirdikləri həmrəyliyə görə avropalı tərəfdaşlarına minnətdarlığını bildirib.

Fransanın daxili işlər naziri Loran Nunez isə mətbuata verdiyi açıqlamada ilin əvvəlindən bəri baş verən yanğınlarda yanan ərazinin 50 min hektarı keçdiyini diqqətə çatdırıb.

Bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çox olduğunu vurğulayan Nunez ölkənin cənub-qərbində davam edən yanğınlarla bağlı da məlumat verib.

Jironda vilayətining Som şəhərində 3 gündür davam edən yanğında 10 min hektardan çox ərazinin yandığını qeyd edən nazir mövsümün ən böyük yanğınının qurudan daxil olunması çətin olan bir ərazidə yayıldığını və hələ də nəzarət altına alına bilmədiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu