"Google" və "Tesla"nın səhmləri ucuzlaşdı
Süni intellektə yönəldilən xərclərin artması investorları narahat etdiyi üçün "Google" və "Tesla"nın səhmləri cüməşənbə günü kəskin ucuzlaşıb.
AFN.az xəbər verir ki, "Google"un ana şirkəti "Alphabet"in səhm qiyməti 7 faizə yaxın dəyər itirdiyi halda, İlon Maskın elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmləri 14,5 faiz geriləyib.
Hər iki şirkət çərşənbə günü açıqlanan maliyyə nəticələrində əməliyyatlar və investisiyalar ödənildikdən sonra qalan nağd vəsaitin miqdarını ifadə edən sərbəst nağd pul axınında mənfi göstərici bildirib.
Şirkətlər həmçinin önümüzdəki aylarda və illərdə milyardlarla dollar daha xərc çəkmək öhdəliyi götürüb.
Maliyyə göstəricilərinə görə "Google" 2004-cü ildə səhmləri ictimaiyyətə açıq şirkət olmasından bu yana ilk dəfə sərbəst nağd pul axınında mənfi dəyər görüb.
Böyük texnologiya şirkətləri yeni süni intellekt texnologiyası dalğasından yararlanmaq üçün yarışarkən investorlar maliyyə gəlirlərinin hansı vaxtda ortaya çıxacağını sorğulayırlar.
"Alphabet" üç ay əvvəl verdiyi xərc təxminini 15 milyard dollar artıraraq bu il əsasən süni intellekt layihələri və infrastrukturu üçün 205 milyard dollara qədər xərc çəkməyi gözləyir.
"Tesla" isə bu il təfərrüatları qeyd edilməyən layihələrə 25 milyard dollara qədər xərc çəkməyi nəzərdə tutur.
"AJ Bell" İnvestisiya Direktoru Rass Mold bu investisiyaların mütənasib gəlir təmin etmə qabiliyyəti barədə hələ də ciddi şübhələrin olduğunu ifadə edib.
"Alphabet"in ümumi rüblük gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 119,8 milyard dollara çatıb.
"Google"ın ana şirkəti "Alphabet"in işləri son aylarda böyüməyə davam etsə də, süni intellekt infrastrukturuna edilən ağır xərclər şirkətin qalan nağd balansını mənfi zonaya itələyib.
Keçmiş maliyyə göstəricilərinə görə şirkətin sərbəst nağd pul axını ən azı son on ildə ilk dəfə mənfi 5,9 milyard dollar olaraq reallaşıb.
Şirkətin səhmləri birja bağlandıqdan sonrakı əməliyyatlarda sürətlə 4 faiz dəyər itirib.
"Google"un Maliyyə Direktoru Anat Aşkanazi maliyyə analitikləri ilə keçirdiyi görüşdə demək olar ki, tamamı süni intellekt xərclərindən qaynaqlanan artan kapital xərcləri səbəbindən şirkətin mənfi sərbəst nağd pul axını qeydə aldığını qeyd edib.
Aşkanazi şirkətin ikinci rübdə 45 milyard dollar xərclədiyini, bu xərcin 60 faizinin serverlərə, qalan 40 faizinin isə data mərkəzlərinə getdiyini bildirib.
"Alphabet"in kapital xərcləri bu ilin birinci rübündə 36 milyard dollar səviyyəsində idi.
Aşkanazi görüşdə süni intellekt söz mövzusu olduqda tələbatın hələ də investisiyaların önündə getdiyini dile gətirib.
Aşkanazi cazibədar investisiya imkanları gördükləri müddətcə investisiya etməyə davam edəcəklərini ifadə edib.
"Google" İcraçı Direktoru Sundar Piçay sünii intellekt alətləri və imkanlarına yönəlik texnoloji transformasiyanın hələ də birdən çox sahədəki dəyişikliyin erkən mərhələləri kimi hiss etdirdiyini bildirib.
Piçay edilən xərclərdən maliyyə gəliri əldə etməyə yönəlik planların intizamlı şəkildə həyata keçirildiyini söyləyib.
Piçay öncül imkanlarla edilə biləcəklərin istifadəçi təcrübələrinə çevrilməsi üçün hələ görülməsi gərəkən çox iş olduğunu bildirib.
Sərvət idarəetmə şirkəti "Killik & Co"nun tərəfdaşlarından Reyçel Vinter "Google"un neçə xərc çəkdiyi barədə investorlar arasında təəccüb yaşandığını dilə gətirib.
Vinter bu rəqəmlərin kifayət qədər yüksək olduğunu və nəticələr açıqlandıqda səhmlərin düşməsinin bu xərc səviyyələrinə dair bir narahatlığın olduğunu göstərdiyini qeyd edib.
"Tesla" artan investisiya xərcləri səbəbindən ikinci rübdə mənfi 1,1 milyard dollarlıq sərbəst nağd pul axınını açıqlayıb.
Maliyyə göstəricilərinə görə bu vəziyyət şirkətin son iki ildəki ilk mənfi qalan nağd göstəricisi olub.
"Tesla"nın bu il etməyi planlaşdırdığı 25 milyard dollarlıq xərc 2025-ci ildəki kapital xərclərinin iki qatından çoxuna bərabərdir.
"Tesla"nın Maliyyə Direktoru Vaibhav Taneja şirkətin böyük bir investisiya dövründə olduğunu və xərclərinin önümüzdəki üç il ərzində ehtimalla daha da artacağını açıqlayıb.
